Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər kəşf və ixtiralarına görə “Nizami Gəncəvi adına Qızıl medal” qazanacaqlar


Azərbaycanda elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimlər daha yüksəksəviyyəli tədqiqatlar aparmağa həvəsləndiriləcəklər. Bu məqsədlə “Nizami Gəncəvi adına Qızıl medal” təsis olunur. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın  “Nizami Gəncəvi adına Qızıl medal”ının əsasnaməsi və təsvirinin layihələri müzakirə edilib.
 
AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək medalın əhəmiyyətindən danışıb.
 
 
Sonra isə AMEA-nın akademik katibi, Akademiyanın müxbir üzvü, professor Rasim Əliquliyev çıxış edərək  nəzərə çatdırıb ki, əsasnamənin layihəsinə görə, medal AMEA-nın ən yüksək mükafatıdır. Bu mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtiralarına, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilməsi nəzərdə tutulur. Alimlərin “Nizami Gəncəvi adına Qızıl medal”a namizədliyini irəli sürmək hüququ AMEA-nın Rəyasət Heyəti və elmi bölmələrinə şamil edilir.
 
Layihədə o da qeyd olunur ki, namizədlər barədə təkliflər  Rəyasət Heyətinin qərarı ilə yaradılacaq Ekspert Komissiyasına ünvanlanmalıdır. Sonra isə komissiya gizli səsvermə yolu ilə mükafata namizədi seçməli, onun təltif olunması barədə qərar isə Rəyasət Heyəti tərəfindən qəbul edilməlidir.
 
Əsasnamənin layihəsi qərarla təsdiq edilib, medalın təsvir layihəsi bəyənilib. Təsvir layihəsinin razı­laş­dırıl­ması üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət olunacaq. Sonda “Nizami Gəncəvi adına Qızıl medal”ın təsis edilməsi və əsasnaməsinin təsdiq olunması məqsədi ilə ölkə prezidentinə müraciət ediləcək.
 
 
Həqiqət İSABALAYEVA




07/11/13    Çap et