Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Startup Günləri” başlayıb
Bu gün Bakıda “Startup Azerbaijan” layihəsi çərçivəsində üç gün davam edəcək “Startup Günləri” başlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkədə startuplara böyük ümid bəsləndiyini qeyd edib.
“Startuplar ölkənin gələcək inkişafına töhfə verə biləcək layihələrdir və bu sahədə daha çox gənclər fəaliyyət göstərdiyi üçün onların fəallığı və bu layihələrə yaradıcı münasibəti mühüm rol oynayır. Ölkədə bu sahənin inkişafı üçün tədbirlər görülür və gənclər öz növbəsində startupların hazırlanmasında aktiv iştirak etməlidirlər. Bizim məqsədimiz “Yüksək Texnologiyalar Parkı”nın, İnformasiya Texnologiyalarının inkişafı üzrə Dövlət Fondunun və İnformasiya Texnologiyaları Universitetinin imkanlarından istifadə etməklə ölkədə beynəlxalq səviyyəli layihələr və aparıcı İT şirkətlərinin mütəxəssisləri səviyyəsində kadrlar hazırlamaq, startupları maliyyələşdirmək, onların hazırladığı məhsulları xarici bazarlara çıxarmaqdır”,- deyə o bildirib.
“Startup Günləri”nin keçirilməsində məqsəd “İKT ili” elan olunan cari ildə ölkədə milli startup infrastrukturunun inkişafına təkan vermək, yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, startupçılar arasında əlaqələri gücləndirmək və yeni yaradılan qurumların imkanları haqqında startupçıları məlumatlandırmaqdan ibarətdir.
“Startup Günləri” çərçivəsində “Milli Startup infrastrukturunun formalaşması və investisiya mənbələri” mövzusunda konfransın keçirilməsi, gənc və yeni başlayan startupçılar üçün təlimlərin keçirilməsi, innovativ biznes ideyaları və yeni internet layihələrinin ilkin variantlarının yarışmasını təşkil etmək, yerli startup sahibləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
“Startup Günləri”ndə startupçılar innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startup layihələrinin ilkin variantlarını hazırlayacaqlar.
Yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların, həmçinin “GoldenPay”, “Cybernet” və “Multibon” şirkətlərinin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
“Startup Günləri”nə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Yüksək Texnologiyalar Parkı” və “İnfipro” dəstək verir. “Startup Günləri”nin baş sponsoru “Bakcell” şirkətidir.
Aynur Vəliyeva
07/11/13 Çap et