Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Beynəlxalq şirkətin təklif etdiyi proqram təminatlarının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması müzakirə olunub
İcbari Sığorta Bürosunun (İSB) nümayəndələri Fransanın Paris şəhərində sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi üzrə qabaqcıl şirkətlərdən biri kimi geniş təcrübəyə malik olan “Audatex” şirkətinin nümayəndələri ilə görüş keçirib.
İSB-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, görüş zamanı nümayəndə heyətimiz “Audatex” şirkətini Fransada təmsil edən “Sidexa” şirkətinin kollektivi və ofisi, habelə iş təcrübəsi ilə tanış olub. “Audatex”in əməkdaşları şirkətin işinin təşkili və xüsusiyyətləri, təklif etdiyi proqram təminatlarından və məlumat bazasından istifadə, onların ən son daxil olan çoxsaylı məlumatlar əsasında yenilənməsi üzrə maraqlı təqdimatlarla çıxış ediblər.
Həmçinin, “Audatex” şirkətinin Azərbaycanda fəaliyyətə başlaması, təklif etdiyi proqram təminatlarının və məlumatlar bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi, bu işin həyata keçirilməsi müddətləri, şirkətin biznesini təşkil etməsi və aparması, bununla bağlı gözləntilər və ehtimallar ilə əlaqədar ilkin fikir mübadiləsi və müzakirələr aparılıb. “Audatex”in növbəti il ərzində Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı şirkət nümayəndələri ilə ilkin razılaşma əldə olunub.
Qeyd edək ki, “Audatex”in proqram təminatlarının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin dəyərinin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək. Bunun başlıca üstünlüyü odur ki, zərərlər bütün sığorta şirkətləri tərəfindən eyni sistem vasitəsilə qiymətləndiriləcək və hansı sığortaçının seçilməsindən asılı olmayaraq zərərlərin qiymətləndirilməsi eyni yanaşma əsasında həyata keçiriləcək.
CAHANGİR
08/11/13 Çap et