Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qazaxıstanla elektron resursların mübadiləsinə başlanılacaq
Qazaxıstan Milli Akademik Kitabxanası (QMAK) ilə Azərbaycan Milli Kitabxanası (AMK) elektron resursların mübadiləsinə başlayacaq.
Bu məqsədlə QMAK ilə AMK arasında ikitərəfli, qarşılıqlı əməkdaşlıq barədə Müqavilə imzalanıb. İmzalanma Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və elmi katib Əminə Cəfərovanın sözügedən ölkəyə səfəri çərçivəsində həyata keçirilib. Azərbaycan Milli Kitabxanasından bildirilib ki, səfərin məqsədi eyni zamanda Qazaxıstan Milli Akademik Kitabxanasının iş təcrübəsi ilə tanışlıq, gələcək perspektivlərin müzakirəsi olub.
Qazaxıstan Milli Akademik Kitabxanasının rəhbərliyi və kollektivinin iştirakı ilə keçirilən “Azərbaycan və Qazaxıstan kitabxanalarının əməkdaşlığının inkişafının müasir tendensiyaları” adlı “dəyirmi masa”da QMAK-ın baş direktoru Asker Alibek görüşün cari ilin sentyabr ayında AMK-nın 90 illik yubiley tədbirləri çərçivəsində imzalanan ikitərəfli, qarşılıqlı əməkdaşlıq barədə Memorandumun şərtlərinə müvafiq olaraq ilk addım olduğunu, gələcəkdə qarşılıqlı səfərlərin davam edəcəyinə ümid etdiyini bildirib.
AMK direktoru Kərim Tahirov ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun ilkin mərhələsi kimi Qazaxıstan Milli Akademik kitabxanası ilə tanışlıqdan, gələcəkdə əlaqələrin daha da genişlənəcəyindən, problemlərin həllindən, kitab mübadiləsindən, elektron sənəd mübadiləsindən, stajirovka və vebinarların təşkil ediləcəyindən danışıb. Bu gün elektronlaşma əsrində yaşadığımızı qeyd edən Tahirov Müqavilənin şərtlərinə uyğun olaraq, mübadilənin həm çap məhsulları, həm də elektron resurs formasında həyata keçiriləcəyini, qarşılıqlı sərgilərin, təcrübə mübadiləsinin həyata keçiriləcəyini bildirib.
Həqiqət İSABALAYEVA
12/11/13 Çap et