Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan texnoparkların yaradılmasında Yaponiya təcrübəsindən yararlanacaq


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi-innovativ nailiyyətlərin istehsalatda tətbiqini təcrübədən keçirməyə imkan verən texnoparkların yaradılması sahəsində Yaponiya şirkətinin təcrübəsindən və məhsullarından faydalanmaq niyyətindədir.
 
Bu məqsədlə AMEA prezidenti, akademik Akif Əlizadə Bakıda səfərdə olan Yaponiyanın “Tokyo Boeki TechnologyLtd” şirkətinin prezidenti Kazuey Uçidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMEA Rəyasət  Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə akademik A.Əlizadə AMEA ilə Yaponiyanın elmi tədqiqat qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Yaponiyalı mütəxəssislərin iş təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən Akademiya rəhbəri adıçəkilən şirkətlə AMEA arasında əməkdaşlığın bundan sonra da effektiv olacağına inandığını vurğulayıb. O, bu əlaqələrin Azərbaycanda elm və texnologiyanın transferi sahəsində birgə işlərin inkişafına töhfə verəcəyini əminliklə bildirib.
 
 
Rəhbərlik etdiyi şirkətlə bağlı məlumat verən K.Uçida qeyd edib ki, 1947-ci ildə yaradılmış “Tokyo Boeki Technology Ltd” energetika, maşınqayırma, metal sənayesi, eləcə də elmi-analitik cihazların istehsalı və satışı ilə tanınır. Şirkətin iki qiymətli və müasir elektron mikroskopu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri çərçivəsində alınaraq Geologiya İnstitutu və Azərbaycan Tibb Universitetində quraşdırılıb. Yaxın zamanda yeni cihazların Fizika İnstitutuna da alınacağı gözlənilir.
 
 
Tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib və  bu əlaqələrin “Tokyo Boeki Technology” təcrübəsi əsasında AMEA-da müasir texnoparkın təşkilinə yönəldilməsi barədə razılığa gəliblər. Görüşdə Bakıda elmi-innovativ nəticələrin istehsalatda tətbiqinə dair birgə beynəlxalq konfransın keçirilməsi də təklif olunub.
 
 
Həqiqət İSABALAYEVA




13/11/13    Çap et