Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq”
Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinə (BETİM) üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin (SNK) 65-ci iclası 23 may 2014-cü il tarixində Ukraynanın Odessa şəhərində keçiriləcək.
Bununla bağlı qərar BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 64-cü iclasının yekunlarına əsasən və bu il sentyabr ayında Ukraynanın səlahiyyətli nümayəndəsi B.V.Grinevla görüş nəticəsində verilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycan Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, iclas 22 may 2014-cü il tarixində keçiriləcək "Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfransla müşayiət olunacaq. Keçiriləcək tədbir haqqında daha ətraflı məlumat EİM-in rəsmi saytında yerləşdiriləcək.
Xatırladaq ki, BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 65-ci iclasında "BETİM Birliyində innovasiya prosesləri" toplusu seriyasında "Energetika problemləri və qeyri-ənənəvi enerji mənbələri" beynəlxalq informasiya-analitik toplusunun VII nəşrinin şəbəkə layihəsinin hazırlanması və təqdimatı planlaşdırılır.
Təqdimat 2013-cü ilin IV rübünün sonu - 2014-cü ilin əvvəlində BETİM mənzil-qərargahı tərəfindən üzv ölkələrin nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək. Toplunun məzmununa gəlincə, o, müasir qeyri-ənənəvi (alternativ) enerjinin əsas problemləri, onun fiziki əsasları, kompüter modelləşdirməsinin istifadəsi, yeni enerji mənbələrinin yaradılması məsələlərinin yüksək elmi-texniki səviyyədə baxılmasına istiqamətlənib. Kitabda elm və təhsil təşkilatlarında, BETİM-ə üzv olan və digər ölkələrin innovasiya sferası təşkilatlarında bu sahədə çalışan energetiklərin, alimlərin tədqiqat və işləmələrinin nəticələrinin göstərilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, BETİM-in üzv ölkələri sırasında 22 dövlət yer alıb. Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin mənzil-qərargahı Moskva şəhərində yerləşir. BETİM-in əsas vəzifəsi beynəlxalq əməkdaşlığa elm, texnologiya və biznes sahəsində informasiya, analitik, konsultasiya və təşkilati dəstəyin göstərilməsidir.
Həqiqət İSABALAYEVA
13/11/13 Çap et