Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Milli Elm Gününün təsis olunması planlaşdırılır


Elmin cəmiyyətin inkişafında xüsusi rolu və əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Milli Elm Gününün təsis olunması planlaşdırılır. Bu barədə AMEA-dan məlumat verilib.
 
 Akademiyadan bildirilib ki, AMEA Rəyasət Heyətinin iclaslarında mütəmadi olaraq fundamental elmin inkişafı, elmi tədqiqatların səmərəliliyinin yüksəldilməsi, milli elmi biliklərin təbliği, müasir gənclərin elmi fəaliyyətə daha fəal cəlb edilməsi məqsədilə görüləcək işlər müzakirə olunur: “2014-cü ilin baharında Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan alimlərinin I qurultayında bu məsələnin müzakirəsi də prioritet mövzulardandır.
 
 Qeyd edək ki, hazırda bir çox ölkələrdə Ümumdünya Elm Günü ilə yanaşı, Milli Elm Günü, Həftəsi də keçirilir. Hər bir ölkə bu əlamətdar hadisəni fərqli zamanlarda qeyd edir. Məsələn, dünyanın aparıcı ölkələrindən olan Amerika Birləşmiş Ştatlarında noyabr ayı ərzində Milli Elm və Texnologiya Həftəsi qeyd olunur. İtaliyada elmi elitanı bir araya gətirən tədbir məhz cari ayda keçirilir. Ölkənin Milli Elm Günü də noyabrın 10-a təsadüf edir”.
 
10-16 noyabr tarixlərini Elm Həftəsi elan edən ölkələrdən biri də İrandır. Qırğızıstan Milli Elm Günü də məhz 10 noyabr tarixində keçirilir. Britaniyada “Milli Elm və Mühəndislik Həftəsi” Uels, Şotlandiya hökumətlərinin maliyyə dəstəyi ilə Britaniya Elm Assosiasiyası tərəfindən təşkil olunur. Ölkənin elm və təhsil ocaqlarının bu hadisəyə xüsusi önəm verməsi nəticəsində hər il iştirakçıların sayı artmaqdadır.
 
 
Qeyd edək ki, bu il Elm Həftəsi martın 15-24-ü tarixlərində keçirilib. Avstraliyada Milli Elm Həftəsi avqustda Sənaye, İnnovasiya, Elm və Ali təhsil Şöbəsi tərəfindən keçirilir. Almaniyanın alim və mütəxəssisləri isə oktyabr ayı ərzində bir araya gəlirlər. Hindistanda Milli Elm Gününün qeyd edilməsi təklifi 1986-cı ildə Elm və Texnologiya Komissiyası Milli Şurası tərəfindən irəli sürülüb. Hər il fevralın 28-i bu münasibətlə müxtəlif tədbirlər keçirilir. Rusiyada Milli Elm Gününün fevralın 8-də qeyd olunması tarixi xüsusi maraq kəsb edir.
 
Bu günün əlamətdarlığı I Pyotrun Rusiya Elmlər və Rəssamlıq Akademiyasının yaranması ilə bağlı sərəncam verdiyi günlə səciyyələnir. Məhz 1724-cü il fevralın 8-də də Çar I Pyotrun sərəncamı ilə Rusiyada Elmlər Akademiyası yaranıb. SSRİ yarandıqdan sonra 1925-ci ildən 1991-ci ilədək qurum SSRİ Elmlər Akademiyası adı altında fəaliyyət göstərib. Ən maraqlı faktlardan biri də budur ki, Rusiyada hələ sovet dövründə hər il aprel ayının III həftəsinin sonu Elm Günü qeyd olunub. Bu tarix isə 18-25 aprel 1918-ci ildə Leninin “Elmi-texniki işlərin fəaliyyət planı” adlı sərəncamı ilə bağlıdır. Belarusda isə Elm Günü yanvar ayının son istirahət günü keçirilir.
 
Ukraynada Milli Elm Günü may ayının III şənbə günü qeyd olunur. Bu il həmin tarix 18 maya təsadüf etmişdir. Ötən il Milli Elm Gününü qeyd edən ölkələrin cərgəsinə Qazaxıstan da qatılıb. Bu hadisənin aprelin 12-də reallaşması da təsadüfi deyil. Məhz bu tarixdə ölkədə elm haqqında ilk qanun qüvvəyə minib.
 
Həqiqət İSABALAYEVA




14/11/13    Çap et