“Samsung” gələcək planlarını açıqlayıb
Cənubi Koreyanın "Samsung Electronics” şirkəti “Samsung Analyst Day” adlı konfrans keçirərək cari ildə əldə etdiyi uğurları səsləndirib, 2014-2015-ci illər üçün inkişaf planlarını açıqlayıb.
2013-cü ildə şirkət tərəfindən satılan planşetlərin sayı müxtəlif şirkətlərin istehsalı olan 240 milyonluq ümumdünya qurğu sayında 40 milyon səviyyəsinə çatıb. “Samsung” 2014-cü ildə 10 düymlük və daha böyük modellərə tələbatın olduğu korporativ sektor və təhsil sahəsi üçün texnikanın tədarük həcminin artırılması sayəsində göstəriciləri artırmağı planlaşdırır. Şirkət mütəxəssislərinin proqnozlarına əsasən, 2014-cü ildə satılacaq qurğuların sayını iki dəfədən çox artıraraq 100 milyon ədədə çatdırmaq mümkün olacaq.
Cənubi Koreya istehsalçısının növbəti il üçün gələcək planları arasında iki - "Android” və “Windows RT” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet kompüterlərin istehsalı da mühüm yer tutur. Yeni planşet müasir texnika bazarının iki aparıcı seqmentini – planşet və fərdi kompüterin bir arada birləşdirilməsini sürətləndirəcək.
Növbəti ildə mobil qurğular “560 ppi” piksel və 2560x1440 (WQHD) təsvir ölçülü "AMOLED” displeylərlə təchiz olunacaq, habelə 2015-ci ildə ekranların təsvir ölçüsü "Ultra HD” (3840х2160) formatınadək artırılacaq. Bundan başqa, şirkət “LTE” şəbəkəsini dəstəkləyən smartfonların istehsalını da artırmağı düşünür. Yaxın gələcəkdə smartfon və planşetlər üçün 64 bitlik prosessor və 16 meqapikselli kamera modullarının buraxılması nəzərdə tutulur.
Ekranların modernləşdirilməsi üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə şirkət buraxılışına cari ildə "Samsung Galaxy Round” modeli ilə başlanılan bükük displeyə malik qurğuların istehsal xəttini genişləndirməyi planlaşdırır. İkinci mərhələdə - 2014-cü ildə “Samsung” ekranı qatlanan mobil qurğular buraxacaq, 2015-ci ilin sonuna dünyanın tam elastik ekranlı modellərini təqdim edəcək. Bundan əlavə, yaxın vaxtlarda "Samsung Galaxy Gear” “ağıllı” saatlarının ekranlarının təkmilləşdirilməsi gözlənilir, - “Computerworld
www.osp.ru” yazır.