Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyaları Universiteti ABŞ universitetləri ilə əməkdaşlıq edə bilər
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ-ın Arizona ştatının qanunvericilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə nazirliyin Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov son 10 ildə Azərbaycanda İKT sahəsində görülən işlərlə bağlı qonaqlara məlumat verib.
İT sahəsinin sürətlə inkişaf etdiyini, bir sıra iri layihələrin həyata keçirildiyini, onların da bəzilərinin digər ölkələrdə nümunə kimi istifadə olunduğunu qeyd edən şöbə müdiri vurğulayıb ki, ölkədə "Yüksək Texnologiyalar Parkı", İnformasiya Texnologiyaları Universiteti (İTU), İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb.
A.Bayramov Azərbaycan şirkətlərinin Amerikanın İKT şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayaraq bu ilin dekabr ayında ABŞ-Azərbaycan İKT forumunun keçiriləcəyini diqqətə çatdırıb.
Öz növbəsində senator Don Şuter Azərbaycandakı qonaqpərvərliyin onlarda xoş təəssürat yaratdığını vurğulayaraq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. Arizona Dövlət Universitetinin ştatın ən böyük universiteti olduğunu və onunla İTU arasında əlaqələrin yaradılmasının uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib:
«Bundan başqa Feniks Universitetində də İKT sahəsində kadrlar yetişdirilir. Yaxşı olar ki, Azərbaycan tələbələri də ABŞ-da bu istiqamətdə təhsil mübadiləsi aparsın».
Dünyanın ən böyük 2-ci serverinin Arizonada yerləşdiyini xatırladan senator bildirib ki, ştat təbii fəlakətlərdən uzaq olduğu üçün İKT şirkətləri istehsal obyektlərini burada qurmağa səy göstərir: «Hazırda ştatda çox böyük İKT şirkətləri fəaliyyət göstərir. Onların Azərbaycanla əlaqələrinin yaradılmasının böyük perspektivi var».
Seymur Qasımbəyli
14/11/13 Çap et