Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“BEST Solutions” şirkəti “Bakutel 2013” sərgisində yeni platforma təqdim edəcək
“BEST Solutions” şirkəti “Bakutel 2013” sərgisində sənəd mübadiləsi informasiya mühiti platformasını təqdim edəcək.
Şirkətin təsisçisi Yana Krimpenin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu platforma hüquqi şəxslər üçün biznes sənədlərin mübadiləsini həyata keçirmək məqsədi ilə yaradılıb.
“Yeni sistem onlayn rejimində beynəlxalq səviyyədə hüquqi sənədlərin imzalanmasını və mübadiləsini təmin edəcək və “Asan İmza”nın bütün istifadəçiləri həmin xidmətdən əlverişli şəkildə yararlana bilərlər”,- deyə o bildirib.
Xatırladaq ki, “BEST Solutions” şirkəti hazırda Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində “Asan İmza” (Mobil imza) platformasını yaradıb. “Asan İmza” platforması e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyinin təsdiqlənməsinin mobil identifikasiya sistemidir.
Aynur Vəliyeva
15/11/13 Çap et