Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İşəgötürənlərin əksəriyyəti sosial şəbəkələrdə namizədlərin profilinə baxır


İşəgötürənlərin yarıdan çoxu – 65 faizi iş üçün müraciət edən namizədlərin sosial şəbəkələrdə profilinə baxır və qərar qəbul edərkən bu məlumatı nəzərə alır. Bu barədə "ESET" antivirus şirkəti və "FutureToday" insan resursları portalının birgə araşdırmasında deyilir.

Bununla yanaşı, iş axtaranların 56 faizi iş axtaran zaman öz profillərində hər hansı dəyişiklik etmir. Əksər istifadəçilərin fikrincə, bu informasiya kənar şəxslər üçün maraq doğurmur.  
Sorğunun nəticələrinə əsasən, istifadəçilərin yalnız 29 faizi iş axtaran zaman sosial şəbəkələrdə profillərini redaktə (şübhəli foto və videoları silir, dostlar siyahısına düzəlişlər edir, daha cəlbedici şəkil qoyur) edir. Rəyi soruşulanların daha 15 faizi əvvəlcədən öz profillərinin işəgötürənləri maraqlandıra biləcəyini güman edərək servislərin məxfi funksiyalarından yararlanır. Onlar fərdi və ya insanı nüfuzdan salan informasiyanı kənar şəxslərdən gizlədərək onların yalnız dostlar və ya özü üçün görünməsini məhdudlaşdırır.

Bundan başqa, statistika sosial şəbəkələrdən asılı olaraq fərqlənir. Belə ki, "VKontakte" istifadəçilərinin 30 faizi, "Facebook" istifadəçilərinin yalnız 14 faizi profillərini dəyişir. "VKontakte"də iş axtaranların 14 faizi,  "Facebook"da 25 faizi məxfilik funksiyasını tətbiq edir.

Sorğuda 1500-dən çox istifadəçi və telekommunikasiya, konsaltinq, audit, maliyyə sahəsində fəaliyyət göstərən 60-dan çox işəgötürən şirkət iştirak edib. 

Statistikaya görə, sosial şəbəkələrdə profillər kiberfırıldaqçılar üçün cəlbedici hədəflərdən biri hesab olunur. "ESET"-in apardığı araşdırmalardan məlum olub ki, istifadəçilərin 60 faizi cinayətkarların müdaxiləsi nəticəsində ən azı bir dəfə profillərinə girişi itirib, habelə onların 25 faizinin profili dəfələrlə "sındırılıb", - "Digit www.digit.ru" yazır.     




15/11/13    Çap et