Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya texnologiyaları sahəsi də daxil olmaqla Dövlət Fondunda 21056 standart mövcuddur


Azərbaycanın Normativ sənədlər üzrə Dövlət Fondunda hal-hazırda 21056 standart mövcuddur. Bunların 711-i Azərbaycan Respublikasının Dövlət standartları, 20407-si isə dövlətlərarası standartlardır. Bu standartlar əsasən informasiya texnologiyaları, neft-kimya, elektrotexnika, nəqliyyat, ekologiya, qida sənayesi, tikinti materialları, kənd təsərrüfatı, keyfiyyət sistemi və s. sahələri əhatə edir.
 
Qeyd edilən sahələrdə işlərin davamlı şəkildə həyata keçirilməsi və səmərəliliyin artırılması məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə İnformasiya texnologiyaları, Qida məhsulları, Neft və neft məhsulları, Ekologiya, Turizm, Tikinti materialları, Geomatika, Keyfiyyəti idarəetmə üzrə Texniki komitələr yaradılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirilib ki, 2008-2010-cu illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibində Milli Etalon Mərkəzinin yaradılmasına başlanılıb.
 
Hazırda Komitə yanında Dövlət Metrologiya Xidmətinin Milli Etalon Bazası Kütlə, Qüvvə və təzyiq, Elektrik kəmiyyətləri, Vaxt və tezlik, Temperatur, Sıxlıq və özlülük, Dozimetrik dövlət etalonları laboratoriyalarından ibarətdir. Eyni zamanda Komitə ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Dövlət Metrologiya Xidməti nəzdində yeni yaradılan Dozimetrik dövlət etalonları laboratoriyasında dozimetrik, rentgen ölçmə vasitələrinin kalibrlənməsi və spektrometriya laboratoriyalarının yaradılmasına artıq başlanılıb:
 
"Komitənin nəzdində yaradılmış Təcrübə-Sınaq Mərkəzi – "AzTEST"-də qurulmuş və istifadə olunan laboratoriyalar ən müasir avadanlıqlar olmaqla yanaşı, ən dəqiq nəticələri təyin etməyə və peşəkar mütəxəssislərə malikdir. Komitənin tabeliyində yaradılan "Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)" Məhdud Məsuliyyətli Cəmiyyəti isə sənaye mülkiyyəti obyektlərinə dair milli və xarici iddiaçılardan, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosundan daxil olan iddia sənədlərini qəbul edir, ekspertizasını aparır, ekspertizanın nəticəsi üzrə müvafiq qərarlar qəbul edir.
 
Ölkəmizdə patent sisteminin modernləşdirilməsi, məlumat axtarışının avtomatlaşdırılması, Təlim Mərkəzinin yaradılması məqsədilə 11 oktyabr 2011-ci il tarixində imzalanmış "Qrant Razılaşması" layihəsi əsasında Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə işlər müvəffəqiyyətlə başa çatıb. Bu layihə Azərbaycanın patent sistemi üçün mühüm əhəmiyyətə malikdir və o, "Elektron hökumət" proqramının tərkib hissəsinə daxil edilib. Sənədlərin elektron formatda qəbulu, dövriyyəsi, habelə göndərilməsi iddiaçıların işini asanlaşdırmaqla yanaşı, ekspertiza prosesinin də sürətlənməsinə və keyfiyyətinə müsbət təsir göstərməkdədir".
 
 
Qeyd edək ki, 19 noyabrda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) yaradılmasının 5 ili tamam olur. Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatında, 2003-cü ildən Beynəlxalq Standartlaşdırma Təşkilatında, 2007-ci ildən KOOMET Regional Metrologiya Təşkilatında, 2010-cu ildən Avropa Standartlaşdırma Təşkilatında və Kodeks Alimentarius Komissiyasında, 2011-ci ildən Beynəlxalq Elektrotexnika Komissiyasında, 2012-ci ildən Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatında təmsil olunmaqdadır.
 
Həqiqət İSABALAYEVA




18/11/13    Çap et