Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ümumdünya Poçt İttifaqı poçt sahəsinin inkişafı üçün yeni inkişaf planı hazırlayıb
Ümumdünya Poçt İttifaqı (ÜPİ) poçt sahəsinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən Regional İnkişaf Planı (RİP) hazırlayıb.
ÜPİ-dən verilən məlumata görə, 2013 – 2016-cı illəri əhatə edən RİP əməkdaşlıq siyasətinin həyata keçirilməsi üzrə Ümumdünya Poçt İttifaqının 25-ci Konqresi tərəfindən qəbul edilmiş ümumi çərçivə mexanizminə uyğun olaraq ərsəyə gətirilib. “Latın Amerikası / PUASP”, “Avropa / MDB ölkələri”, “Karib regionu”, “Ərəb regionu”, “Afrika”, “Asiya / Sakit okean” kimi bölmələri əks etdirən regional inkişaf planları ilə yanaşı, bu regionlarda poçt sahəsinin 2009-2012-ci illər üzrə göstəriciləri əsasında inkişaf dinamikasını əks etdirən analitik xülasələr də hazırlanıb.
Azərbaycanla bağlı göstəricilərin və perspektiv planın inkişaf mərhələlərinin yer aldığı “Avropa və MDB ölkələri üçün Regional İnkişaf Planı”na gəlincə, regional prioritetlərə Doha Poçt Strategiyasında müəyyənləşən əsas istiqamətlər daxildir. RİP-də qeyd edilir ki, bu gün bir çox fəaliyyət sahələrində ənənəvi fiziki poçt və ödəmə xidmətləri elektron poçt, SMS, onlayn-bankinq, müxtəlif internet-platformalar əsasında sosial şəbəkələr və s. kimi yeni xidmətlərlə əvəz olunur.
Belə əvəzlənmə isə bütün dünyada poçt sektorunun gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Yeni xidmət bazarlarının yaranmasına rəğmən poçt sektoru bütövlükdə artan rəqabətlə üzləşməkdə davam edir. “Rəqəmli format”ın hər yerə daxil olması isə əvvəllər muxtar şəkildə, müstəqil fəaliyyət göstərən bazarların birləşməsinə doğru aparır. Bu gün elektron xidmətlər, elektron ticarət və “Elektron hökumət” (rəqəmli ID, pensiyaların ödənməsi, pasport rəsmiyyətləri və s.) bəzi ölkələrdə artıq əlçatan olsa da, ümumilikdə bu sahə hələlik az inkişaf edib. Belə bir şəraitdə, rəqəmli texnologiyaların tətbiqindən geri qalmamaq üçün poçt operatoru bu inkişafda mərkəzi rolu oynamağı bacarar və oynamalıdır.
Yaxınlaşma və birləşmə vəziyyətində olan bazar imkanları şəraitində inkişaf etmək üçün isə yalnız yeni texnologiyalara, o cümlədən informatika, elektron terminallar və çeşidləşdirici maşınlar və s.-ə sərmayə qoymaq kifayət deyil, eyni zamanda marketinqə də üstünlük verilməlidir. Cəmiyyətin sosial parçası kimi, poçt xidmətləri sektorun davamlı, uzunmüddətli inkişafı üçün həlledici rol oynayırlar və bununla əlaqədar bu xidmətlər üzrə rasional sosial siyasətin aparılması təmin edilməlidir.
ÜPİ hesab edir ki, inkişaf edən ölkələr əvvəlki Regional İnkişaf Planı sayəsində islahatlar apararaq, xüsusilə xidmətlərin və ümumilikdə sektorun müasirləşdirilməsi sahəsində ciddi irəliləyişə nail oldular, bununla belə qarşıda həllini gözləyən vacib istiqamətlər var. Belə ki, 2013-2016-cı illər ərzində xidmətlərin keyfiyyətini və poçt şəbəkəsinin effektivliyini yaxşılaşdırmaq; poçt təhlükəsizliyini yüksəltmək; informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin inkişafını təmin etmək, elektron ticarət, elektron xidmətlər və “Elektron hökumət” xidmətlərini, poçt bağlamaları bazarını inkişaf etdirmək; poçt islahatının keçirilməsinə kömək etmək; poçt-maliyyə xidmətlərini gücləndirmək; poçt məhsullarını diversifikasiya etmək; əlavə edilmiş dəyərlə xidmətlərin və məhsulların inkişafına yardım etmək; bazarı daha dərindən öyrənərək, marketinq imkanlarını genişləndirmək; maliyyə xidmətlərinin əhatəsini genişləndirmək; sosial məsuliyyəti gücləndirmək, eyni zamanda ÜPİ-yə üzv ölkələrdə insan resurslarının yetişdirilməsi kimi məsələlər öz həllini tapmalıdır.
Həqiqət İSABALAYEVA
18/11/13 Çap et