Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sabahın alimləri” Respublika Müsabiqəsi gələn il təşkil olunacaq


Amerika Birləşmiş Ştatlarında yuxarı sinif şagirdləri arasında keçirilən “İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi” çərçivəsində “İntel” korporasiyasının dəstəyi ilə Azərbaycanda reallaşacaq növbəti “Sabahın alimləri” Respublika Müsabiqəsi 2014-cü il 13-15 fevral tarixlərində təşkil olunacaq.
 
Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd" təşkilatıdır. Təşkilat Komitəsindən qeyd edilib ki, “Intel ISEF” müsabiqəsi “Intel” korporasiyasının təhsil sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biridir.
 
Müsabiqə 1950-ci ildən başlayaraq Elm və Xalq naminə Cəmiyyət (SocietyforScience and thePublic) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən “Intel” korporasiyası “ISEF”-in baş sponsoru kimi bu müsabiqəni özünün “Intel-Təhsildə novatorluq” korporativ proqramı çərçivəsində, habelə “Intel Foundation” Xeyriyyə Fondunun dəstəyi ilə təşkil edir.“Intel ISEF” və digər təhsil proqramlarının köməyi ilə “Intel” korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.
 
Qeyd edilən müsabiqənin keçirilməsində də əsas məqsəd şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin etməyə, eyni zamanda “məktəb - ali təhsil müəssisəsi – doktorantura” triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsidir. Məhz bu səbəbdən də müxtəlif ölkələrdə müsabiqələrin keçirilməsinə və məktəblərdə şagirdlər tərəfindən tədqiqatların aparılmasına ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı cəlb olunur ki, bu da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.
 
Azərbaycan “İntel İSEF”-ə 2011-ci ildə qoşulub. 2013-cü ildə Azərbaycan komandası ikinci dəfə “İntel İSEF”-də iştirak edib. Beynəlxalq sərgiyə seçim “Sabahın alimləri” Respublika müsabiqəsi tərəfindən həyata keçirilir.
 
 
Həqiqət İSABALAYEVA




19/11/13    Çap et