Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” data mərkəzlərində məlumatları şifrləyəcək



“Yahoo!” internet şirkəti məlumatların kütləvi şifrləmə sisteminin tətbiqinə başladığını elan edib. 2014-cü ilin əvvəlində şirkət öz data mərkəzləri arasında məlumatların ötürülməsinin şifrlənməsi sistemini, bir qədər sonra serverlərdə istifadəçi məlumatlarının mühafizəli saxlanılması sistemini həyata keçirməyi planlaşdırır. Bu barədə şirkətin baş direktoru Marissa Mayer öz bloqunda bildirib.
   
Şirkətin bu addımı atmasına səbəb oktyabrın 30-da "The Washington Post” qəzetinin ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin açıqladığı sənədlərə istinadən ABŞ xüsusi xidmət orqanının “Google”, “Yahoo!” və digər internet şirkətlərinin data mərkəzləri arasında qurulan məlumatların ötürülməsi sisteminə qoşulmasını yazmasıdır. M.Mayer ABŞ kəşfiyyatının məlumatların ötürülməsi kanallarına məxfi qoşulması variantını tam istisna edə bilmədiyini qeyd edərək “Yahoo!”-nun onlara məxfi qoşulmaq üçün icazə verməsi ilə bağlı yayılan məlumatları qətiyyətlə təkzib edib.  

Qeyd edək ki, bir müddət əvvəl “Google” nümayəndələri də şirkətin dünyada data mərkəzləri arasında ötürülən məlumatları şifrləyəcəyini bildiriblər. Bu şirkətin təmsilçiləri də sistemi eyni təhdidlərə cavab olaraq həyata keçirəcəklərini vurğulayıblar, - “IT Expert www.itexpert.org.ua” yazır.     
 
 




19/11/13    Çap et