Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şahin Mustafayev: “Azərbaycanda “Elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülüb”
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı Baş Qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB-in təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin, Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə “Azərbaycan Günü” keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak ediblər. “Azərbaycan Günü” ölkəmizə dair videoçarxın nümayiş olunması ilə başlanıb.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, bu gün böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olan Azərbaycan kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olub, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Azərbaycanda makroiqtisadi sabitliyin təmin edildiyini diqqətə çatdıran nazir son 10 ildə ÜDM-in 3,4 dəfə, adambaşına ÜDM-in 3 dəfə, dövlət büdcəsinin gəlirlərinin 19 dəfə, xarici ticarət dövriyyəsinin təqribən 9 dəfə artdığını vurğulayıb:
“Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb. Biznes mühitinin davamlı inkişafı məqsədilə inzibati prosedurlar sadələşdirilib, şəffaf mexanizmlər tətbiq olunub, “Elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülüb. Bu gün ÜDM-də özəl sektorun payı 80%-i ötüb, geniş sahibkar təbəqəsi formalaşıb. Nəticədə “DoingBusiness 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilib, hesabatda davamlı olaraq öz mövqelərini qoruyub”. Nazirlikdən verilən məlumata görə, AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, AYİB qərargahında “Azərbaycan Günü”nün keçirilməsinin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib.
Həqiqət İSABALAYEVA
20/11/13 Çap et