Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nanotexnologiyalar və nanomaterialların müxtəlif sahələrdə tətbiqinin elmi əsaslarının işlənməsində istifadə olunacaq yeni elmi nəticələr əldə edilib



Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda enerji tutumlu kimyəvi prosesləri həyata keçirmək üçün ionlaşdırıcı şüaların enerjisinin istifadəsi istiqamətində böyük elmi və praktiki əhəmiyyət kəsb edən yeni nəticələr alınıb. Belə ki, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Adil Qəribov tərəfindən son illərdə atom-hidrogen energetikası istiqamətində böyük əhəmiyyət kəsb edən sudan universal enerji daşıyıcısı olan hidrogenin radiasiya-katalitik üsulla alınması proseslərində nanoölçülü katalizatorlar istifadə etdikdə klassik ölçülü katalizatorlara nisbətən reaksiyanın sürəti və hidrogenin energetik çıxımının 10-15 dəfə artması faktı aşkar edilib.
 
 
AMEA Rəyasət  Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müəllif tərəfindən alınmış nəticələr nanotexnologiyalar və nanomaterialların müxtəlif sahələrdə tətbiqinin elmi əsaslarının işlənməsində istifadə oluna bilər.
 
 Nanomaterialların müxtəlif  elmi və texniki sahələrdə yüksək göstəriciləri aşkar olunan mexanizm əsasında izah olunur. Aşkar olunmuş nəticələr radioaktiv şüa mənbələrinin təhlükəsiz və yüksək effektivliklə çevirib istifadəsinə imkan verir. Belə ki, proses nəticəsində nüvə enerjisi hidrogenin kimyəvi enerjisinə çevrilir. Bu da gələcəkdə IV nəsil nüvə reaktorlarında elektrik enerjisinin aralıq hidrogen vasitəsi ilə təhlükəsiz və effektiv çevrilməsində böyük əhəmiyyət kəsb edir.
 
 
A.Qəribov noyabr ayının 20-də AMEA Rəyasət Heyətinin iclasında mövzuya dair məruzə ilə çıxış edib. Alimin “Radiasion katalitik proseslərdə səthi səviyyələrin enerji daşınma proseslərinə təsiri və nanokatalizatorların perspektivləri” adlı məruzəsi bəyənilib, effektin digər kimyəvi, fiziki və bioloji proseslərdə sınaqdan çıxarılması  və bu sahədə nanosistemlərin geniş tətbiqi məqsədi ilə elmi tədqiqat işlərini genişləndirmək qərara alınıb.
 
 
Həqiqət İSABALAYEVA
 




20/11/13    Çap et