Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər



“Nokia” şirkətinin Çindəki fabrikində çalışan bir neçə yüz işçi Finlandiya istehsalçısının mobil biznesinin “Microsoft” korporasiyasına satıldıqdan sonra onlara ödənilən kompensasiyanın məbləğinə qarşı etiraz edirlər.  

Etiraz edənlərin sözlərinə görə, onlar əmək sazişini imzalamağa məcbur olaraq lazımi məbləğdə kompensasiya almayıblar. Donquan şəhərində yerləşən fabrikin qarşısına tətilə çıxan işçilər ədalətli kompensasiya ödənilməsi ilə bağlı şüarlar səsləndiriblər.

“Nokia” etiraz edənlərlə danışıqlar aparır. Lakin işçilər işəgötürənlə danışıqların aparılmasını inkar edirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl  “Nokia” şirkətinin səhmdarları “Devices & Services” bölməsinin “Microsoft” korporasiyasına satılmasına dair sazişi yekdilliklə bəyəniblər. Smartfon istehsalı üzrə biznesin “Microsoft” korporasiyasının ixtiyarına verilməsinə görə səhmdarlar toplantısında iştirak edənlərin 97 faizi buna səs verib. ABŞ korporasiyası indi yalnız müxtəlif ölkələrin antiinhisar orqanlarının qərarını gözləməlidir. 
 
Dəyəri 5,44 milyard avro qiymətləndirilən sazişin 2014-cü ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Sazişə görə, “Nokia”nın 32 min əməkdaşı “Microsoft”un sərəncamına keçəcək, Stiven Elop baş direktor vəzifəsini, eləcə də Direktorlar Şurası üzvlüyünü tərk edəcək və “Devices & Services” bölməsinin vitse-prezidenti vəzifəsini tutacaq.  

“Microsoft” korporasiyası “Nokia” brendindən 10 il müddətinə istifadə etmək hüququ qazanıb, lakin bu, yalnız adi mobil telefonlara şamil olunur. Eyni zamanda ABŞ korporasiyası “Asha” və “Lumia” ticarət markalarına patent hüququ əldə edib. Öz növbəsində Finlandiya şirkəti smartfonların hazırlanması və istehsalı əvəzinə “Here” geolokasiya xidmətinin inkişafı ilə məşğul olacaq, - "Digit www.digit.ru” yazır.




21/11/13    Çap et