Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qarşıdakı illərdə fəaliyyətinə dair bir sıra təşəbbüslər irəli sürür. AMEA-nın 2015-ci ildə 70 illik yubileyi ilə əlaqədar Tədbirlər planı çərçivəsində kadr hazırlığı üzrə dövlət proqramının qəbul edilməsi, AMEA-nın nəzdində universitet və gənc istedadlar liseyinin yaradılması, innovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisi, “Alimlər şəhərciyi”nin salınması və digər məsələlər nəzərdə tutulur.
AMEA Rəyasət Heyəti Mərkəzi aparatının
İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Tədbirlər planı noyabr ayının 20-də Akademiyanın Rəyasət Heyətinin iclasında təsdiq olunub. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, 70 illiyin təntənəli qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılacaq. O, xarici ölkələrdən alim və mütəxəssislərin yubiley mərasiminə dəvət olunmasını, beynəlxalq və respublika səviyyəli tədbirlərin təşkilini zəruri hesab edib. İclasda AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev əlavə edib ki, 2015-ci ilin respublikada “Elm ili” elan olunması və Bakının küçələrindən birinə “Elmlər Akademiyası” adının verilməsi barədə ölkə rəhbərliyinə müraciət olunacaq. Yubileyə həsr olunan kitabın və "AMEA-nın prezidentləri" adlı kitabın nəşri, “AMEA-70” medalının hazırlanması, “Akademiya şəhərciyi”ndə Rəyasət Heyəti üçün binanın rekonstruksiyası, əməkdaşlar üçün tibbi sığorta, poliklinika, müalicə-istirahət kompleksi, regionlarda idman-sağlamlıq və istirahət mərkəzlərinin təşkili də tədbirlər planına daxildir. Akademiyanın keçdiyi inkişaf yolunu əks etdirən sənədli filmin çəkilməsi, regionlarda sərgilərin təşkili də qarşıda duran məsələlərdəndir.
Bundan əlavə, AMEA əməkdaşlarının “xüsusi dövlət qulluqçuları” kateqoriyasına aid edilməsi, məvaciblərinin orta aylıq əməkhaqqı səviyyəsinə qaldırılması, mənzil və iş şəraitlərinin yaxşılaşdırılması, həvəsləndirici müsabiqələrin təşkili, həmçinin mükafatların verilməsi də Tədbirlər planında öz əksini tapıb.
Həqiqət İSABALAYEVA
21/11/13 Çap et