Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərbaycanda elektron idarəetmədə geoməkan məlumatların istifadəsi” istiqaməti üzrə ixtisasartırma kursu keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda elektron idarəetmədə geoməkan məlumatların istifadəsi” istiqaməti üzrə ixtisasartırma kursu keçirilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunub.
Təlimin əsas məqsədi dövlət qulluğu sistemində çalışan kadrların ixtisasının artırılması, yeni biliklərin verilməsi, qeyd edilən istiqamətlər üzrə dövlətin həyata keçirdiyi siyasətin elmi əsaslandırılması, dövlət qulluqçuları ilə fikir mübadiləsinin aparılması və sairdir. Kursun ilk dərsini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov aparıb. Akademik kurs iştirakçılarını "Azərbaycanda geoməkan məlumatlarının idarəolunması: dünən, bu gün və sabah" mövzusunda məlumatlandırıb.
Təlimin proqramının əhatə etdiyi mövzular geniş, eyni zamanda yeni biliklərin əhatə edilməsi ilə səciyyələnir. Kurslarda müvafiq dövlət müəssisələrinin məsul əməkdaşları, yerli və beynəlxalq ekspertlər, millət vəkilləri, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri və digər mütəxəssislərin yeni mövzularda mühazirələrinin dinlənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən ixtisasartırma kurslarının sonunda dinləyicilərə vəsiqələr təqdim ediləcək.
SEYMUR
21/11/13 Çap et