Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən məhsuldar superkompüter hansıdır?


Bu yaxınlarda “top500.org” saytında dünyanın ən məhsuldar kompüterlərinin siyahısının yeni redaksiyası dərc edilib.

500 superkompüterdən ibarət siyahıda əvvəlki kimi bu il yayın əvvəlində Çin Milli Müdafiə Texnologiyaları İnstitutu tərəfindən buraxılmış “Tianhe-2” liderdir. Xatırladaq ki, “Tianhe-2” superkompüterinin pik məhsuldarlığı 33,86 petaflops (Linpack testi) təşkil edir. Bu göstərici Titan (17,59 petaflops) və “IBM BlueGene/Q Sequoia” (17,17 petaflops) superkompüterlərinin ümumi məhsuldarlığından iki dəfə çoxdur. Bununla belə, ABŞ-ın Energetika Nazirliyinin Milli laboratoriyasında quraşdırılmış Titan sistemi əvvəlki tək ən enerji effektiv olaraq qalır.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, siyahıda dördüncü və beşinci yerlərdə əvvəlki kimi müvafiq olaraq “Fujitsu K” (10,51 petaflops) və “BlueGene/Q Mira” (8,59 petaflops) sistemləri qərarlaşıb.

Qeyd etmək lazımdır ki, siyahıdakı 500 sistemin ümumi məhsuldarlığı  250 petaflops təşkil edir. Bir il əvvəl bu göstərici 233 petaflops olub.

Superkompüterlərin əksəriyyəti (265) ABŞ ərazisində yerləşir. 115 sistem Asiya ərazisində və 102 sistem isə Avropada yerləşir.
Siyahıda yer almış 482 sistem “Linux” əməliyyat sistemi ilə işləyir.

Emil Hüseynov
 




21/11/13    Çap et