Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və Belarus Yerin öyrənilməsində kosmik proqramlardan istifadə imkanlarını araşdıracaqlar


Azərbaycan və Belarus Yerin öyrənilməsində kosmik proqramlardan istifadə  üzrə birgə tədqiqatlar aparacaqlar. Bu məsələ AMEA Rəyasət Heyətində Belarus Respublikası Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakovla keçirilən görüşdə müzakirə edilib.
 
AMEA Rəyasət  Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə müxtəlif fəaliyyət sahələrində ölkəmizlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Belarus dövlətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən qonaq bu məqsədlə hazırda Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfər etdiyini qeyd edib.
 
Rəhbərlik etdiyi qurumun elmlər akademiyalarının inkişafı proqramını hazırladığını ifadə edən V.Qusakov sənəddə müasir dövrün aktual elmi sahələri, alimlərin maddi rifahının yüksəldilməsi, kadr hazırlığı və s. məsələlərin həlli yollarının öz əksini tapdığını söyləyib. Belarus Respublikası Elmi-Texniki Komitəsinin fəaliyyətindən bəhs edən alim elmin iqtisadiyyata inteqrasiyası baxımından sözügedən qurumun əhəmiyyətli rola malik olduğunu bildirib. İnnovativ elmi nəticələrin istehsalatda tətbiqinin vacib şərt olduğunu qeyd edən qonaq bu baxımdan elmi-praktiki mərkəzlərin fəaliyyətini dəyərləndirib.
 
Bu istiqamətdə dünyanın nüfuzlu elmi qurumları ilə əməkdaşlıq çərçivəsində zəruri təcrübə əldə edildiyini deyən V.Qusakov Belarus Respublikası Milli Elmlər Akademiyasının AMEA ilə elmi-texniki sahədə də əməkdaşlıq əlaqələrinin bərqərar olmasında maraqlı olduğunu, sözügedən sahədə müştərək innovativ tədqiqatların aparılması üçün təklifləri qeyd edib.
 
 
Akademik Akif Əlizadə 2007-ci ildən etibarən hər iki ölkənin elmlər akademiyaları və Belarus Respublikasının Fundamental Tədqiqatlar Fondu ilə mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi nəticəsində mühüm elmi nəticələrin əldə edildiyini bildirib. Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və kosmik sənayenin yaradılmasına böyük diqqət göstərildiyini qeyd edən A.Əlizadə Yerin öyrənilməsində kosmik proqramların imkanlarından yararlanmağın üstünlüklərindən bəhs edib. Bu istiqamətdə birgə tədqiqatların aparılmasının hər iki qurum üçün mühüm əhəmiyyət kəsb edəcəyini ifadə edib.
 
 
Görüşdə, həmçinin Yerin distant zondlaşdırılmasına dair məlumatlar əsasında ərazilərin kompleks monitorinqinin avtomatlaşdırılmış sistemi, kosmik aparatlar vasitəsilə fototəsvirlərin ötürülməsi, superkompüterlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə edilib.
 
 
Həqiqət İSABALAYEVA




21/11/13    Çap et