Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Banqkok şəhərində “ITU TelecomWorld 2013” sərgi-konfransı başa çatıb
Tailandın Banqkok şəhərində informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Asiya ölkələrinin sammiti, eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu "ITU TelecomWorld 2013" sərgi-konfransı öz işini başa çatdırıb. Qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş konfransda ölkəmiz rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İKT sahəsinə aid milli nailiyyətlərin nümayiş olunduğu tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycandan 22 İT şirkəti, o cümlədən özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri iştirak ediblər.
Sammitdə Tailand Respublikasının baş naziri ilə yanaşı, Asiyanın bir neçə dövlət və hökumət rəhbərləri iştirak ediblər. Ali qonaqlar müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın milli pavilyonundan ibarət stendlə yaxından tanış olublar.
Sərgi və konfrans çərçivəsində ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrin təqdimatları keçirilib. Eyni zamanda nazir Əli Abbasov "Genişzolaqlı texnologiyaların iqtisadi inkişafda rolu" mövzusunda keçirilən paneldə çıxış etmiş, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, Tailand Krallığı, İran və Əfqanıstan İslam respublikalarının kommunikasiya və informasiya texnologiyaları nazirləri, o cümlədən qabaqcıl İT korporasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Azərbaycan nümayəndə heyətinin Tailand Krallığına rəsmi səfəri bu gün başa çatıb.
22/11/13 Çap et