Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Akif Əlizadə: “Elmi-innovativ fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır”


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA)  həyata keçirilən islahatlar, maddi-texniki bazanın gücləndirilməsi, innovasiya xarakterli elmi tədqiqat işlərinin genişləndirilməsi, dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin qurulması ilə bağlı bu gün mətbuat konfransı keçirilib.
 
 AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələri gücləndirmək və tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək məqsədi ilə AMEA-nın elmi müəssisələrinin strukturları yenilənir. Onun sözlərinə görə, Akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının axtarılması məqsədi ilə AMEA Elmi Müəssisələrinin Direktorları Şurası yaradılıb. Son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verildiyini, yüksəkixtisaslı gənc alim və mütəxəssislərin yetişdiyini deyən akademik Akif Əlizadə vurğulayıb ki, onların intellektual inkişafına nail olmaq üçün AMEA-da Gənc Alim və Mütəxəssislər şuraları təsis olunur.
 
 
İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının yaradılmasını mühüm addımlardan biri kimi qiymətləndirən AMEA prezidenti qeyd edib ki, əldə olunan elmi nəticələrin tətbiqi istiqamətində aparılan islahatlar davam etdirilir.
 
O əlavə edib ki, AMEA-nın biznes təşkilatları və QHT-lərlə birgə innovativ fəaliyyətinin formalaşdırıldığı, Təcrübə-Sənaye Zavodunun elmi-innovativ fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Elmi tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasını əsas hədəflərdən hesab edən akademik A.Əlizadə bununla bağlı “Thomson Reuters”in nümayəndələri ilə görüşündən söz açıb. Belə ki, alimlərin qlobal elmi bazaya çıxış təcrübəsini artırmaq üçün xüsusi təlim, seminar və kursların təşkili nəzərdə tutulur: “Bunun üçün onlara vəsait ödəniləcək. Hesab edirik ki, Azərbaycanın gənc alimlərinin dünyanın tanınmış elmi məlumat bazalarına çıxış əldə etməsi elmimizin daha da inkişaf etməsində öz müsbət təsirini göstərəcək”.
 
 
B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşin, “Schlumberger” şirkətinin Moskva ofisinin nümayəndə heyətinin rəhbəri Georgiy Karnauxov, Yaponiyanın “Tokyo Boeki Technology Ltd” şirkətinin prezidenti Kazuey Uçida və Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakovla görüşlərindən bəhs edən A.Əlizadə bu qurumlarla qarşılıqlı əməkdaşlığın inkişafı imkanlarının müzakirə olunduğunu diqqətə çatdırıb.
 
Akademik bildirib ki, bu istiqamətdə işlər elmi-innovativ fəaliyyətin təşkili sahəsində beynəlxalq təcrübədən faydalanmağa xidmət edir.
 
 
Elmin inkişafını dəstəkləyən fərman və sərəncamların icra vəziyyəti ilə bağlı məlumat verən akademik Akif Əlizadə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın daha bir ilinin yekunlaşdığını və AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanacağını qeyd edib.
 
 
Seymur Qasımbəyli




22/11/13    Çap et