Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” dördüncü rübdə 20 milyon smartfon istehsal etməyi planlaşdırır


Hələ 2011-ci ildə “Huawei” brendi smartfon bazarı üçün naməlum idi. Lakin artıq 2013-cü ilin üçüncü rübündə şirkət 13,4 milyon mobil qurğu istehsal edib. Çin şirkəti əldə etdiyi uğurlarla kifayətlənmək niyyətində deyil və bayramqabağı mövsüm üçün böyük planları var.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Huawei Devices”in marketinq üzrə vitse-prezidenti Şao Yanqın sözlərinə görə, cari ilin oktyabr-dekabr ayları ərzində şirkət 20 milyon smartfon tədarükünə ümid edir. 2013-cü ilin yekununa görə “Huawei” brendi altında satılan smart telefonların buraxılış həcmi 55 milyona çata bilər ki, bu da ilin əvvəlində proqnozlaşdırılmış qiymətdən 5 milyon azdır.
Qeyd etmək lazımdır ki, cari ildə Çin istehsalçısı cihazların tədarük həcmini (birinci rüb 9,8 milyon, ikinci rüb 11,8 milyon) tədricən artırıb,  dördüncü rübdə isə güclü sıçrayışa ümid edir. Mövsümi amil də öz sözünü deyəcək: yeni il qabağı elektronikaya tələbat nəzərəçarpacaq dərəcədə artır.

“Huawei” xarici bazarları aktiv şəkildə fəth edir, bu halda Çində smartfon satışlarından əldə olunan gəlir payı 10% azalıb. Latın Amerikasında “Huawei Devices”in smartfon istehsalı 15%, Yaponiyada 40%, Qərbi Avropada 40%, Yaxın Şərqdə 40% artıb. Çində artım cəmisi 8% təşkil edib.

“Gartner” analitiklərinin hesablamalarına görə, 2013-cü ilin üçüncü rübündə “Huawei” şirkəti 11,7 milyon smartfon satıb. Bu nəzərəçarpacaq artıma baxmayaraq, şirkətin bazar payı cəmisi 0,2% artaraq 4,7% olub.
İyul-sentyabr aylarının nəticəsinə görə smartfon satışlarının həcmi ötən illə müqayisədə 45.8% artaraq 250 milyon olub.

Emil Hüseynov
 




23/11/13    Çap et