Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakutel-2013” çərçivəsində “TASİM” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq


Bu il dekabrın 2-5 tarixlərində Azərbaycan paytaxtında keçiriləcək “Bakutel-2013” Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənov məlumat verib. O bildirib ki, memoranduma 5 ölkənin mobil operatorları imza atacaq. Bu ölkələrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Çin daxildir.
 
Z.Həsənov bildirib ki, sözügedən memorandumla  “TASİM” layihəsinin hansı şərtlər daxilində və hansı zamanda həyata keçirilməsi müəyyənləşdiriləcək. İşçi qrupun rəhbəri onu da əlavə edib ki, sözügedən 5 ölkənin razılığı olduğu halda “TASİM” layihəsinə digər dövlətlərdə fəaliyyət göstərən mobil operatorlar da qoşula bilər.
 
Qeyd edək ki, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin əsas məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsi olmaqla çox vacib regional təşəbbüsdür. Layihə Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcəkdir. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcəkdir.
 
2008-ci ilin noyabrında 14-cü Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgi və konfransı (Bakutel) çərçivəsində Bakıda keçirilmiş nazirlərin görüşü zamanı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin təşəbbüsünü irəli sürüb. 2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinə dair qətnamə qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə “TASİM”-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunub.
 
 
2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında “TASİM” layihəsi üzrə yeni qətnamə yekdilliklə qəbul edilib. Layihənin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini və özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
2010-cu ilin aprelindən etibarən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “TASİM” layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirməkdədir.
 
İdarəetmə Qrupu beynəlxalq konsultant ilə əməkdaşlıqda “TASİM”-n ilkin biznes konsepsiyasını yaradıb və aparıcı regional dövlətlər və operatorlarla “TASİM” konsorsiumunun yaradılmasını müzakirə edib.
 
 
Son vaxtlar “TASİM” Katibliyi “TASİM” konsorsiumunun formalaşmasına razılaşan əsas telekom operatorlarının bir araya gətirilməsində əlaqələndirici rolu oynayıb. Katiblik həmçinin layihənin təşviqində səylərini davam etdirib və layihəyə yeni maraqlı tərəflərin cəlb edilməsinə xüsusi diqqət yetirib. Katiblik Avropa İttifaqı, Türkiyə, Rusiya, Ukrayna, habelə BMT Katibliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)  və Mərkəzi Asiya və Azərbaycan üzrə xüsusi Proqram (SPECA) qurumları ilə əlaqələr qurub və bu barədə müvafiq sənədlərdə əks etdirilib.
 
 
Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksəksəviyyəli İP şəbəkələr xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir.
 
 
“TASİM” uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit  infrastrukturunu yaradacaqlar. Bu tranzit infrastrukturu “TASİM”-ə kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP internet  tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaqdır. Bu prosesin 2013-cü ilin axırında başa çatdırılması nəzərdə tutulur.
 
 
İkinci mərhələdə “TASİM” qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrinə münasib qiymətli bağlantı ilə təmin edəcəkdir. Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımından təkmilləşdiriləcək  və “TASİM” şəbəkəsinə birləşdiriləcəkdir. İkinci mərhələdə “TASİM” layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcəkdir.
 
 
“TASİM” layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə  və internet xidmətlərinin inkişafına kömək edəcəkdir. Bununla da iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına nail olunacaqdır.
 
 
Seymur Qasımbəyli
 




25/11/13    Çap et