Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa internet istifadəçiləri kibercinayətkarlıqdan ehtiyat edirlər


Avropa İttifaqı internet istifadəçilərinin 76 faizi son vaxtlar kibercinayətkarların qurbanı olmaq riskinin artdığını düşünür, lakin buna baxmayaraq onların yalnız 48 faizi il ərzində parollarını dəyişib. İstifadəçilərin 52 faizi güman edir ki, onlarda kibercinayətkarlığın törətdiyi təhdidlər haqqında kifayət qədər məlumat yoxdur. Bu məlumatlar Avropa Komissiyasının ictimai fikrin təhlili bölməsi tərəfindən (Eurobarometer layihəsi) cari ilin may-iyununda 27 min istifadəçi arasında apardığı sorğu nəticəsində əldə olunub.      
Rəyi soruşulanların yalnız yarısı internet vasitəsilə alış-veriş edir və ya bank xidmətlərindən yararlanır.

Qalan istifadəçilərin əksəriyyəti şəbəkə ilə ödənişlərin həyata keçirilməsinin təhlükəsizliyinə və fərdi məlumatlara kənar müdaxilələrin olmamasına şübhə ilə yanaşır. Respondentlərin 12 faizi onlara məxsus elektron poçt və ya sosial şəbəkə səhifəsinə kənar müdaxilənin, 7 faizi kredit kartları və ya bank xidmətləri ilə bağlı fırıldaqçılığın qurbanı olmasını bildirib.

Qeyd edək ki, Avropa Komissiyası kibercinayətkarlıqla mübarizəni artırmağa çalışır. Belə ki, cari ilin yanvarında Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi istifadəyə verilib, avqustda spam və virusların göndərilməsi ilə məşğul olan yoluxucu kompüter şəbəkələrinin yaradılması üçün cəza növü müəyyən edilib, - "Computerworld www.osp.ru” yazır.        
 

 





25/11/13    Çap et