Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bir neçə il sonra televizor bazarının vəziyyəti bərpa olunacaq
"IHS" analitik agentliyinin məlumatlarına əsasən, 2013-cü ilin birinci üç rübü rübündə qlobal bazara maye kristal, plazma və kineskop modellər daxil olmaqla ümumilikdə 158 milyon televizor tədarük edilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərici 4,4% azalıb.
Ehtimal ki, mənfi dinamika son rübdə də saxlanılacaq. Nəticədə cari ilin yekununa görə, ümumilikdə televizor bazarının həcmi 4,8% azalaraq 226,8 milyon olacaq.
Həmçinin qeyd edilir ki, illik geriləmə ikinci dəfə ardıcıl olaraq baş verəcək. 2012-ci ildə televizorların tədarük həcmi 6,7% azalıb.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cari il üçün olduqca pessimist proqnoza baxmayaraq, "IHS" mütəxəssisləri hesab edirlər ki, artıq 2014-cü ildə televizor bazarının vəziyyəti tədricən yaxşılaşacaq. Lakin əvvəlki istehsal gücünə qayıdış 2017-ci ildən tez baş verməyəcək.
Sözügedən seqmentdə qüvvələr nisbətinə gəlincə, analitiklər bildiriblər ki, "Samsung" aparıcı televizor istehsalçısı olaraq qalır. Analitik şirkətin məlumatına görə, 2013-cü ilin ikinci rübündə şirkət təqribən 11 milyon televizor tədarük edib ki, bu da bazarın 21%-i deməkdir. Başqa sözlə, bazara tədarük edilmiş hər beşinci televizor Koreya şirkətinə məxsus olub.
İkinci yerdə Cənubi Koreyanın "LG" şirkəti qərarlaşıb: üçüncü rübdə 7,9 milyon televizor tədarük edib və 16% bazar payına sahiblənib. Üçüncü yerdə Yaponiyanın "Sony" şirkəti gəlir. İlk onluqda, həmçinin "TCL", "Hisence", "Toshiba", "Skyworth", "Sharp", "Konka" və "Philips" şirkətləri qərarlaşıb.
Emil Hüseynov
25/11/13 Çap et