Ölkələr qlobal kibertəhlükəsizlik mövzusunu “Bakutel-2013”-də müzakirə edəcəklər
19-cu Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı "Bakutel-2013" çərçivəsində bir sıra nüfuzlu tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlərdən biri də 2-3 dekabr tarixlərində "Fourseasons" otelində keçiriləcək "Kibertəhlükəsizlik üzrə konfrans"dır (Global Cyber Security Cooperation: Challenges and Visions).
Məlum olduğu kimi, bu gün kibertəhlükəsizlik, onlayn təhlükəsizlik və şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri qlobal gündəlikdə duran ən mühüm prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir. Bu sahədə effektiv beynəlxalq əməkdaşlıq, çoxtərəfli dialoqun nailiyyəti, uğurlu qərarların qəbulu və bu qərarların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-dövlət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlər keçirilir. Azərbaycanın ev sahibliyi edəcəyi "Global Cyber Security Cooperation: Challenges and Visions" da bu tədbirlərdən biridir. Tədbir informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Dünya Bankı, Dünya İqtisadi Forumu, İNTERPOL, Azərbaycanın dəstəyi, "HP" şirkətinin sponsorluğu, Azərbaycan Hökuməti tərəfindən təşkil edilir. Konfrans kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib. Tədbir, həmçinin internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübənin mübadiləsini təmin və təşviq etmək məqsədi daşıyır. Konfrans eyni zamanda gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, QHT-lərin yüksəksəviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirəcək. Konfransda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, Avropa Parlamentinin üzvü Kristina Ojuland, Monteneqro Hökumətinin İqtisadi siyasət və Maliyyə üzrə baş nazirinin müavini (həmçinin İnformasiya ictimaiyyəti naziri) Vujica Lazoviç, Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri cənab Əmirzay Sangin, Burundi Respublikasının Parlament əlaqələri, telekommunikasiya və İKT naziri Nihazi Leocadie, İraqın rabitə naziri Torhan M.Əl-Müfti və digər nüfuzlu şəxslərin çıxışları gözlənilir.
Qeyd edək ki, konfransla bağlı daha ətraflı məlumatlar "
http://www.bakucyber.az/" saytında yerləşdirilib.
Həqiqət İSABALAYEVA