Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın Türkiyədəki İKT şirkətlərinin iştirakı ilə Azərbaycan-ABŞ biznes forumu keçirilib



 
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-ABŞ biznes forumu keçirilib.
 
Tədbirdə rəsmi şəxslərlə yanaşı, ABŞ-ın Türkiyədə informasiya-kommunikasiya texnologiyaları (İKT), energetika, kimya, alternativ enerji, səhiyyə, logistika və xidmət sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri, ümumilikdə isə Azərbaycan və ABŞ tərəfdən 70-ə yaxın iş adamı iştirak edib.
 
İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, biznes forumda çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan-ABŞ əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını, iki ölkənin iş adamları  arasında əlaqələrin genişləndirilməsində biznes forum və işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb.
 
Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış iqtisadi uğurlar, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq amerikalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
 
 
ABŞ-ın Türkiyə Respublikasındakı Səfirliyinin ticarət məsələləri üzrə müşaviri Maykl Lalli ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ABŞ-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.
 
Sonra ABŞ şirkətlərinin təqdimatları dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
 
Həqiqət İSABALAYEVA




26/11/13    Çap et