Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilədək bazarda “UHD” televizorların payı 10 faizədək artacaq



2018-ci ilədək “Full HD” formatını (1920×1080 piksel) dəstəkləyən maye-kristal televizorların (LCD) dünya üzrə tədarük həcmi 178 milyon ədədə çatacaq. Bu barədə “IHS” analitik-informasiya agentliyinin ekspertləri proqnoz verib. Müqayisə üçün qeyd edək ki, ötən il bu modellərin tədarükü 130 milyon ədədə bərabər olub.   
Bundan başqa, daha qabaqcıl “Ultra HD” və ya “4K” texnologiyasının populyarlığının artacağı gözlənilir. İlk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan bu ekranlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərlə müqayisədə 4 dəfə çoxdur. “IHS” mütəxəssislərinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək.  
“IHS”-nin məlumatına əsasən, hazırda Çin “UHD” televizorların tətbiq tempi üzrə liderdir. Belə ki, cari ildə sözügedən formatı dəstəkləyən bütün televizorların 79 faizi bu ölkəyə tədarük edilib.

Tədqiqatda qeyd olunur ki, 2016-cı ilədək dünyada buraxılan bütün maye-kristal televizorlarda işıq diodlu işıqlandırma texnologiyasından (LED) istifadə olunacaq və bazarda daha çox rolu 50 düymlü və daha böyük diaqonala malik iriformatlı ekranlar oynayacaq.

Ekspertlərin proqnozlarına görə, növbəti ildən dünya televizor bazarında tədricən artım müşahidə olunacaq və 2017-ci ildə seqment dünya üzrə televizorların tədarük həcminin 255,4 milyon ədəd təşkil etdiyi 2011-ci il səviyyəsinə qayıdacaq, - “DailyComm www.dailycomm.ru” yazır.  




26/11/13    Çap et