Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT internet istifadəçilərinin izlənməsinə qarşı qətnamə qəbul edib



BMT-nin insan hüquqları komitəsi internet istifadəçilərini şəxsi həyata müdaxilədən qoruyacaq qətnamə layihəsini bəyənib. Layihədə həmçinin istifadəçilərin xüsusi xidmət orqanları tərəfindən qorunması da yer alıb.

Məlumatda qeyd olunur ki, komitə üzvləri qətnaməni yekdilliklə qəbul ediblər və sənəd BMT Baş Assambleyasına səsverməyə qoyulmağa göndəriləcək. Səsvermənin dekabrda keçiriləcəyi gözlənilir. 
Qətnamə internet istifadəçilərinin 1966-cı ildə qəbul edilmiş beynəlxalq siyasi və mülki hüquqlar paktına əsasən bütün insanlara verilən şəxsi həyat və şəxsi yazışma hüquqlarının qorunmasını nəzərdə tutur. Sənədin mətnində müəlliflər tərəfindən internet vasitəsilə istifadəçilərin fərdi məlumatlarına müdaxilə etməyə çalışan ayrı-ayrı ölkələrin və şirkətlərin fəaliyyətindən narahatlıq ifadə olunub.

Qətnamə bu cür fəaliyyəti pisləyir və istifadəçilərin fərdi məlumatlarının kütləvi şəkildə toplanmasının təhlükə törətdiyini xüsusi qeyd edir. Sənəd müəlliflərinin fikrincə, bu, insan hüquqlarının əsaslarının ciddi pozulmasına səbəb ola bilər. 

Sənəd Almaniya və Braziliya tərəfindən mətbuatda ABŞ kəşfiyyatının internet istifadəçilərini izləməsi ilə bağlı məlumatlar yayılmağa başlayandan sonra hazırlanıb. Qətnamənin hazırlanması mərhələsində 55 dövlət sənədin əsas müddəalarına dəstək nümayiş etdirib.

Eyni zamanda sənəd ABŞ, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və Kanada nümayəndələrinin ciddi müqaviməti ilə rastlaşıb. Bu ölkələrin məqsədi qətnamənin məzmununun nisbətən yumşaldılması olub. Lakin bütün səylərə baxmayaraq qətnamə mətnində cüzi dəyişikliklər edilib. Bununla yanaşı, sənədin yerinə yetirilməsi məcburi deyil və yalnız tövsiyə xarakteri daşıyır.

Qətnamə layihəsi ABŞ hakimiyyətinin xüsusi xidmət orqanlarına başqasının elektron yazışmasını oxumağa və telefon zənglərini dinləməyə imkan verən proqramı ətrafında davam etməkdə olan qalmaqal fonunda hazırlanıb. Müəyyən edilib ki, ABŞ hakimiyyəti internet vasitəsilə digər dövlətlərin milyonlarla vətəndaşının izlənməsi ilə məşğul olub. Bundan başqa, BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı ABŞ xüsusi xidmət orqanlarının nəzarəti altında olub, - “Lenta www.lenta.ru” yazır.    
 
 
 




27/11/13    Çap et