“Panasonic” Yaponiyadakı zavodların bir hissəsini İsrailin "Tower Semiconductors” şirkətinə satır
“Panasonic” korporasiyası Yaponiyada yerləşən zavodlarının üçünün İsrailin “Tower Semiconductors” şirkətinə satılması ilə bağlı danışıqlar aparır. Sövdələşmənin qiymətinin 10 milyard yen və ya 100 milyon dollar təşkil edəcəyi gözlənilir. Şirkətlər danışıqların aparılmasını rəsmən şərh etmir. Lakin buna baxmayaraq məlum olub ki, hazırda “Panasonic”in satdığı zavodlarda təxminən 2500 işçi çalışır və onların əksər hissəsi “Tower Seiconductors” şirkətinin sərəncamına veriləcək, digər əməkdaşlar işdən azad ediləcək və ya “Panasonic”də başqa vəzifələrə keçiriləcək.
Xatırladaq ki, bir müddət əvvəl “Panasonic” rəhbəri Kasuhiro Suqa bildirib ki, şirkət müsbət vəziyyətin saxlanılması üçün müxtəlif üsullardan istifadə edəcək, o cümlədən qeyri-profilli aktivlərdən imtina edəcək, alyans yaradacaq, eləcə də plazma televizorların istehsalından imtina edəcək. Buna əlavə olaraq, “Panasonic” yarımkeçiricilər bölməsində çalışan təxminən 7 min əməkdaşı ixtisar etmək niyyətindədir. Bu əməkdaşların əksəriyyəti Yaponiyadan kənarda - əsasən Çin, İndoneziya və Malayziyada çalışır.
Ötən ay Yaponiya istehsalçısı maliyyə proqnozunun artırılmasına yenidən baxaraq 100 milyard yen məbləğində xalis gəlir əldə etmək niyyətində olduğunu bəyan edib. Şirkət nümayəndələri bildirirlər ki, əsas rolu Yaponiyanın zəifləyən pul vahidi və akkumulyator biznesində satışların artması oynayacaq, - "Cybersecurity
www.cybersecurity.ru” yazır.