Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTİ-nin Baş katibi Hamadun Ture: “21-ci əsrdə Azərbaycanda İKT sahəsində mühüm irəliləyiş əldə edilib”
Hörmətli iştirakçılar və qonaqlar!
"Bakutel 2013" 19-cu Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının bütün iştirakçılarını səmimi qəlbdən salamlayıram!
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) bütün dünya insanlarının informasiya və kommunikasiya texnologiyalarının üstünlüklərindən faydalanmasını təmin etmək və 2015-ci il üçün Minilliyin İnkişaf Məqsədlərinə qısa zaman ərzində nail olmaq məqsədilə onların geniş potensialını səfərbər etmək əzmindədir.
İKT üzrə qlobal standartların hazırlanması və radiotezlik spektrinin bölüşdürülməsi sahəsində Beynəlxalq Telekommunikasiya İttifaqının həyata keçirdiyi işlər bütün qlobal rabitə infrastrukturunu əhatə edir. İKT-nin inkişafı istiqamətində gördüyümüz işlər isə heç kimin rəqəmsal inqilabdan, xüsusən də genişzolaqlı rabitə əsasında informasiya cəmiyyəti üçün sosial və iqtisadi faydaların təkamülündən kənarda qalmamasına yönəldilib. Məhz buna görə də Genişzolaqlı Rəqəmsal İnkişaf Komissiyasının yaradılmasında Beynəlxalq Telekommunikasiya İttifaqı əsas rol oynayıb.
Azərbaycanın məqsədyönlü səyləri sayəsində 21-ci əsrin birinci onilliyində ölkədə İKT sahəsində mühüm irəliləyiş əldə edilib, ikinci onillikdə isə perspektivli artıma nail olunub.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərəncamı ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuş 2013-cü il çox mühüm bir hadisə ilə başladı, belə ki, 2013-cü il fevral ayının 7-də Azərbaycanın ilk süni peyki kosmik fəzaya buraxıldı. Bu peykin buraxılmasında əsas məqsəd Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələri üçün yüksək keyfiyyətli yayım və kommunikasiya xidmətlərini təmin etməkdir. Dağlıq relyefə malik olan Azərbaycan kimi bir ölkə üçün peyk rabitəsi mövcud infrastruktur baxımından yeganə alternativ olaraq çox vacibdir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qəbul olunmuş 2013-cü il üzrə Tədbirlər planı çərçivəsində İKT-nin inkişafı ilə bağlı həyata keçirilən çoxsaylı tədbirlər sırasında ölkənin İKT sektorunu yüksək ixtisaslı milli kadrlarla təmin edəcək İnformasiya Texnologiyaları Universitetinin yaradılması və təşkilini də xüsusilə qeyd etmək lazımdır.
Azərbaycanda İKT sektorunun əhəmiyyətini vurğulayan "Bakutel 2013" sərgisində iştirakçılar milli iqtisadiyyatın səhiyyə, təhsil, nəqliyyat, idarəçilik və mədəniyyət kimi sahələrində istifadə olunan elektron həll variantlarının geniş tətbiqinə dair bir çox nümunənin şahidi ola bilərlər.
Bütün bunları nəzərə alaraq, mən sizə və "Bakutel 2013" sərgisinə müvəffəqiyyətlər arzulayıram!
Hörmətlə:
Dr. Hamadun Ture
Beynəlxalq Telekommunikasiya İttifaqının
Baş katibi
02/12/13 Çap et