Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT nailiyyətlərindən düzgün bəhrələnmə mövzusunda Şəkidə gənclərlə görüş keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi” layihəsi çərçivəsində Şəki şəhəri “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzində gənclərlə görüş keçirilib.
Görüşdə layihənin müəllifi Əlimərdan Sultanov bildirib ki, məqsəd regionlarda yaşayan gənclərlə İKT-nin nailiyyətləri haqda müzakirələr aparmaq, bu nailiyyətlərdən düzgün şəkildə bəhrələnmək imkanlarını müzakirə etməkdir: “Layihə çərçivəsində Azərbaycanın üç region şəhəri olan Ağstafa, Şəki və Lənkəranda gənclərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Artıq belə bir görüş Ağstafa şəhərində keçirilib. Şəki şəhərində keçirilən növbəti görüş-təlimin məqsədi gənclərə ölkəmizdə informasiya texnologiyaları sahəsi üzrə gedən inkişaf barədə məlumat vermək və İKT nailiyyətləri ilə bağlı müzakirə aparmaqdır”.
Ölkəmizdə son 10 il ərzində İKT sahəsində əldə olunan nailiyyətlərə toxunan Əlimərdan Sultanov qeyd edib ki, 2013-cü il Azərbaycan Respublikasında “İKT ili” elan edilib və bu gün İKT sektorunun inkişafı prioritet istiqamətlərdəndir. O bildirib ki, əldə edilmiş nailiyyətlərdən düzgün istifadə və bu nailiyyətlərin gənclərə düzgün şəkildə çatdırılması vacib məsələdir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetinin müəllimi Murad Salman İKT-nin ölkəmizdə təhsil sistemində tətbiq edilməsindən danışıb. O, dünyanın bir çox inkişaf etmiş ölkələrində təhsil sistemində İKT nailiyyətlərinin tətbiqindən danışaraq bu məsələnin Azərbaycan üçün də vacib olduğunu bildirib. Murad Salman qeyd edib ki, ölkəmizdə İKT-nin inkişafı və bu sahə üzrə ən son nailiyyətlərin təhsildə tətbiqi son nəticədə təhsil sisteminin inkişafına gətirib çıxarır.
Almaniya və Azərbaycanda İKT sahəsinin inkişafından danışan Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin magistrantı Orxan Tağıyev bildirib ki, İKT nailiyyətlərinin Avropa ölkələrində sosial həyatın ən müxtəlif sahələrində tətbiqi prioritet istiqamətlərdəndir. O qeyd edib ki, təqdirəlayiq haldır ki, bu gün artıq Azərbaycanda İKT sahəsi üzrə sürətli inkişaf qeydə alınır, ölkəmizin artıq öz süni peyki var və Azərbaycan dünya üzrə 18 dövlətdən biridir. Son on ildə Azərbaycanda internetin sürətli inkişafı təmin olunub və ölkəmiz MDB ölkələri arasında liderliyini saxlayıb.
Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Məmmədbağır Məmmədov və Azərbaycan Gənc Diplomatlar Birliyinin nümayəndəsi Əbülfəz Şeydabəyov ölkəmizdə hazırda “Elektron hökumət”in formalaşması istiqamətində aparılan işlərdən danışıblar və qeyd ediblər ki, əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Bildirilib ki, son 10 ildə İKT sahəsində əldə edilmiş nailiyyətlərdən düzgün bəhrələnmək vacib məsələlərdəndir.
Həqiqət İSABALAYEVA
02/12/13 Çap et