Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda əmlak məsələlərinə dair yeni elektron xidmətlər istifadəyə veriləcək


Yaxın zamanlarda Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların istifadəsinə yeni elektron xidmət veriləcək.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə komitənin məlumatında deyilir.
Məlumatda bildirilir ki, bu xidmət vasitəsilə əmlak sahibləri rüsum ödəməklə internet vasitəsilə elektron qaydada öz əmlakları barədə məlumat almaq imkanları əldə edəcəklər.

Digər bir yenilik isə təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata almaqdır: “Yeni mexanizmə görə notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək, əlavə proseduralar aradan qaldırılacaq, icra işlərinə başlanacaq, çeviklik təmin ediləcək”.
Məlumat üçün bildirək ki,  daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) real vaxt rejimində verilməsi, əmlakla bağlı hüquqi əməliyyatların notariat orqanları ilə onlayn rejimdə, yəni birbaşa internet vasitəsilə sürətli əlaqə yaradılmaqla aparılması istiqamətində ilkin hazırlıq işləri görülür. Daşınmaz əmlakın dövlət reyestrindən arayışların notariat idarələrinə real vaxt rejimində ötürülməsi, dövlət reyestrində olan məlumatların onlayn mübadiləsinə dair təkliflər artıq hazırlanıb və təqdim edilib. Qeyd olunan məsələlərin komitə və Ədliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətlə tənzimlənməsi nəzərdə tutulub.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 interaktiv və 3 informativ elektron xidmətin cəmləşdiyi Elektron Xidmətlər Portalı (e-emdk.gov.az) vətəndaşların və hüquqi şəxslərin istifadəsinə verilib. Bura daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi xidmətlər daxildir.

CAHANGİR





02/12/13    Çap et