Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda müəyyən radiotezlik zolaqlarının perspektiv və səmərəli istifadəsi ilə bağlı yüksəksəviyyəli görüş keçirilib


"Bakutel-2013"  19-cu Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları üzrə  sərgi-konfransı çərçivəsində Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrin rabitə administrasiya başçılarının görüşü keçirilib.

     İclasın proqramına qeyd edilən tezlik zolaqlarının hazırkı və gələcək istifadəsi məsələləri, RRB və digər beynəlxalq təşkilatlar, həmçinin qonşu dövlətlərlə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi məsələsi müzakirə olunub.
İstehsalçı şirkətlərin internetə genişzolaqlı simsiz çıxış avadanlıqları istehsalının təşkili və onların  əsas fəaliyyətləri barədə məlumat dinlənilib. Tədbirin açılışında  Rusiya rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov və Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış ediblər.

     İclasda RRB-nin tamhüquqlu üzvləri - Azərbaycanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın, Tacikistanın, Özbəkistanın, Ukraynanın və RRB-nın müşahidəçiləri olan Latviya, Litva  və Sloveniyanın rabitə administrasiyalarının başçıları və həmçinin nümayəndələri iştirak edib.

     İclasda Beynəlxalq Elektrorabitə İttifaqının, Əfqanıstan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, İranın Rabitə Tənzimlənməsi Agentliyinin, Finlandiyanın Rabitə üzrə Dövlət Agentliyinin, "İcominvest", "Nokia Solutions &Networks", "Huawei",  "LM Ericsson" şirkətlərinin nümayəndələri iştirak ediblər.

     Geniş çıxışlar və ətraflı müzakirələrdən sonra  tərəflər radiotezlik zolaqlarının effektiv və perspektiv istifadəsinin aktuallığını və vacibliyini təsdiqləyən  yekun sənəd qəbul ediblər.
 
 




03/12/13    Çap et