Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda növbəti “Azərbaycan - ABŞ İKT Forumu” keçirilib



 
Dekabrın 3-də Bakı Biznes Mərkəzində 19-cu "Bakutel" beynəlxalq sərgi və konfransının silsilə tədbirləri çərçivəsində "Azərbaycan - ABŞ İKT Forumu" keçirilib.
 
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə keçirilən forumun ilk plenar iclası Azərbaycanın ilk telekommunikasiya peyki və kosmos sahəsi üzrə Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar" mövzusuna həsr edilib.
 
 Bildirilib ki, qeyri-neft və xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf planının bir  hissəsi olaraq, 2013-cü ilin əvvəlində ilk telekommunikasiya peykini orbitə buraxan Azərbaycan 2015 və 2016-cı illərdə daha iki peykin buraxılmasını planlaşdırır.
 
 
Forumun "Azərbaycanın İKT sahəsi: ticarət və investisiya imkanları" mövzusunda keçirilən plenar iclasına qoşulan ABŞ - Azərbaycan Ticarət Palatasının həmsədri Reza Vaziri ölkəmizdə son 5 ildə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf etdiyini bildirərək, belə forumların İKT sahəsinin gələcək inkişafı məqsədilə qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli olduğunu vurğulayıb.
 
 
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə iqtisadiyyatın neft gəlirləri, enerji asılılığının azaldılması, eyni zamanda qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək məqsədilə iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə yönələn "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlandığını, elm və texnologiya potensialının gücləndirilməsi hesabına sənayenin innovasiyalar əsasında inkişafının nəzərdə tutulduğunu bildirib.
 
Nazir qeyd edib ki, bu gün məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri sırasında ilk növbədə qeyri-neft sektorunun inkişafına xidmət edən əsas istiqamətlərdən biri kimi İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsinə diqqət edilir.
 
Bu baxımdan, dünyanın İKT sahəsində aparıcı dövləti kimi, ABŞ təcrübəsinə və bu sahədə əməkdaşlığa xüsusi önəm verildiyini deyən Ə.Abbasov enerji potensialına malik bir ölkə kimi ölkəmizə bir sıra dövlətlərin, o cümlədən ABŞ-ın da maraq göstərdiyini, enerji siyasətində hər iki ölkənin maraqlarının üst-üstə düşdüyünü vurğulayıb.
Azərbaycanın təşəbbüslərini dəstəklədiklərini söyləyən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan iqtisadiyyatı üçün diversifikasiyanın böyük əhəmiyyət kəsb etdiyini, bu addımın digər iqtisadi sahələrə, o cümlədən İKT sahəsinin inkişafına töhfə verəcəyini, bu töhfədən bütün ölkə vətəndaşlarının faydalanacağını bildirib.
 
Azərbaycanın kiçik olmasına baxmayaraq, güclü inkişafa malik dövlət olduğunu qeyd edən diplomatın sözlərinə görə, ölkəmizin regionda qazandığı iqtisadi üstünlüyü, tutduğu mövqe ABŞ - Azərbaycan şirkətlərinə əməkdaşlıq üçün yeni imkanlar aca bilər. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsinə də toxunan səfir xüsusən ÜTT-ün İnformasiya Texnologiyaları (İT) Sazişinə qoşulan ölkələrin sayının artaraq 78-ə çatması və sazişin əhəmiyyətinə aydınlıq gətirib:
"ÜTT-yə, həmçinin bu sazişə qoşulmaqla Azərbaycan sənayesi qazanacaq. Eyni zamanda əqli mülkiyyət hüquqlarının qorunması Azərbaycanda texnoloji "start-up"-ların çiçəklənməsinə rəvac verə bilər".
 
 
Daha sonra tədbir çərçivəsində "Azərbaycanda son 10 ildə inkişaf dinamikası"na dair mini-sərgi turu təşkil edilib. Sərginin nümayişindən sonra forum "Azərbaycan - ABŞ İKT əməkdaşlığında yeni üfüqlər: çağırışlar və imkanlar" mövzuları ətrafında plenar müzakirələrlə davam etdirilib.
 
Qeyd edək ki, ilk "Azərbaycan - ABŞ İKT forumu" "AmCam Azərbaycan", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ABŞ səfirliyinin təşkilatçılığı ilə İnternet İdarəçiliyi Forumu və "Bakutel" İKT həftəsi çərçivəsində 2012-ci il noyabrın 7-də Bakıda keçirilib.
 
Forumda Azərbaycan və  ABŞ arasında İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ hökuməti tərəfindən Beynəlxalq Rabitə və İnformasiya Siyasəti üzrə ABŞ koordinatoru Filip Vervyer imzalayıb.
 
 




03/12/13    Çap et