Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilir


“Hilton” mehmanxanasında Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilir.

Komissiya iclası Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovun və İraq Respublikasının Vilayətlərlə iş üzrə dövlət naziri və rabitə naziri əvəzi cənab Torhan Müdhir Həsən əl-Müftinin həmsədrliyi ilə keçirilir.

Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında” 10 noyabr 2010-cu ildə imzalanmış sazişin 9-cu bəndi üzrə yaradılıb.
 
İraq nümayəndə heyətinin səfəri zamanı Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və İraq Respublikasının Vilayətlərlə iş üzrə dövlət naziri və rabitə naziri əvəzi cənab Torhan Müdhir Həsən əl-Müfti ilə ikitərəfli görüş keçiriləcək.
 
Torhan Müder Həsən əl Müfti bildirib ki, İraq Azərbaycanın ilk süni telekommunikasiya peyki olan «Azerspace-1»in xidmətlərindən istifadə etmək niyyətindədir. Onun sözlərinə görə, İraq hazırda «Azerspace-1» peyki ilə yaxından maraqlanır:

«İraqın da bu qəbildən peyki mövcuddur və biz Azərbaycanın təcrübəsindən yararlana bilərik. Biz Azərbaycanın süni peykindən istifadə etməklə İraqda bir sıra sahələrdə xidmətlər göstərə bilərik».


Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə Azərbaycanın İraqla təcrübəsini bölüşməyə hazır olduğunu deyib. Nazir Azərbaycanın iştirak etdiyi bir neçə regional layihələrə, xüsusən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə qoşulmağı İraqa da təklif edib.






04/12/13    Çap et