Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ilk smart eynəyi satışa çıxarılıb


“Vuzix” şirkəti dünyada ilk smart eynək istehsal edən şirkət kimi tarixə adını yazdırıb. “M100” modelinin qiyməti 1000 dollardır və artıq xaricdə satışa çıxarılıb. Daha öncə bu qurğunun imkanlarını yalnız istehsalçılar sınaqdan keçirmək imkanına malik idilər, hazırda “Vuzix M100” cihazı hər kəs üçün əlçatandır.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, cihaz “Android” platformasının modifikasiya edilmiş versiyası ilə işləyir, lakin “Android” cihaz və “iOS” qurğularla sinxronlaşdırıla bilir. Eynək gözdən 30 sm məsafədə yerləşən kiçik ölçülü ekranla təchiz edilib.
“Vuzix M100” modeli “Full HD” formatında video çəkilişi imkanına malik 5 meqapiksellik kamera, 1 QHs takt tezlikli prosessor, 1 QB əməli və 4 QB daxili yaddaş, jiroskop, akselerometr, microSD slotu, mikrofon, qulaqcıq, GPS və 600 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

İstifadəçi qurğunun ekranında daxili kameradan ötürülən təsviri görə bilər. Qurğunu “Bluetooth” vasitəsilə smartfona qoşaraq video, xəritə, elektron poçt, ünvan kitabçası, proqram, nömrəyığan və sairəni ekrana çıxartmaq olar. Bu eynəklər çağırışı qəbul etməyə və başqa abunəçi ilə danışmağa imkan verir.

Emil Hüseynov





05/12/13    Çap et