Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakutel-2013” sərgisində “Microsoft Azerbaijan” şirkəti “Ən yaxşı korporativ stil” nominasiyasında qalib gəlib
“Microsoft Azerbaijan” şirkəti dekabrın 2-dən 5-dək Bakıda keçirilən ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel-2013”) iştirak edib.
Şirkətin bu tədbirdə iştirakının əsas məqsədi yeni məhsullarını geniş kütləyə nümayiş etdirməkdən ibarət idi. Belə ki, sərgi çərçivəsində “Microsoft Azerbaijan”ın stendini ziyarət edənlər “Windows 8.1” yeni əməliyyat sistemi, “bulud” texnologiyaları əsasında hazırlanmış “Office 365” xidməti, “Windows 8” əməliyyat sistemi üzərində işləyən planşet və noutbukların demo-şousu və “Windows Phone” əməliyyat sistemi üzərində işləyən qurğularla tanış ola biliblər.
Şirkətdən bildirilib ki, “Microsoft Azerbaijan” şirkətinin 15 promouteri “Windows 8.1”-in üstünlükləri, təklif olunan sazlanma və sözügedən əməliyyat sisteminin funksional təkmilləşdirilməsi barədə ətraflı məlumat verib, eyni zamanda, “Office 365” xidmətinin imkanlarını nümayiş etdirərək bildiriblər ki, bu xidmət “Microsoft”un poçt, əlaqə və digər tanınmış məhsulların “bulud” versiyalarını (“Exchange Online”, “SharePoint Online” və “Lync Online”) “Office Professional Plus” ofis əlavələri paketini özündə birləşdirir.
Qeyd edək ki, 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkəti “Bakutel-2013” sərgisində “Ən yaxşı korporativ stil” nominasiyasında qalib gəlib.
Həqiqət İSABALAYEVA
05/12/13 Çap et