“HP” serverlər bazarında satış həcminə görə dünyada birinci yerdədir
“HP” şirkəti 2013-cü ilin üçüncü rübünün yekunları üzrə serverlər bazarında əldə olunan mədaxilin məbləğinə görə 3,4 milyard dollarla lider olub ki, bu da 2012-ci ilin analoji dövründən 2,2 faiz çoxdur. Bu barədə “Gartner” analitik şirkətinin məlumatında deyilir.
Şirkətin bazarda sahib olduğu pay 26,4 faizdən 27,6 faizədək artıb. Bundan başqa, 2013-cü ilin üçüncü rübünün yekunları üzrə server bazarının ümumi həcmi 12,3 milyard dollar təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 2,1 faiz azdır.
Bazarın əvvəlki lideri “IBM” şirkəti ikinci yerə enib. Bu şirkətin bazarda mədaxilinin həcmi 2,8 milyard dollar olub ki, bu da 2012-ci ilin üçüncü rübündən 18,9 faiz azdır, habelə istehsalçının bazar payı 27,6 faizdən 22,9 faizə düşüb. Mədaxilin məbləğinə görə liderlər beşliyinə “Dell”, “Cisco”, və “Oracle” şirkətləri də daxil olub (satış həcmi müvafiq olaraq 2025, 599 və 500 milyon dollar). Bu şirkətlərin hazırda bazarda payı müvafiq olaraq 16,4, 4,9 və 4,1 faiz təşkil edir. Nəzərəçarpacaq göstəricini isə “Cisco” şirkəti nümayiş etdirib. Belə ki, istehsalçının 2013-cü ilin üçüncü rübündə dövriyyəsi ötən ilin analoji dövrünün göstəricilərini 42,7 faiz üstələyib.
Həmçinin “HP” bazarda 669,103 min server sataraq 26,7 faizlik payla say həcminə görə liderlik edir. Bu, bir il əvvəl qeydə alınan göstəricidən 5,4 faiz çoxdur. Satılan serverlərin sayına görə bazarda ikinci yerdə 2013-cü ilin üçüncü rübündə 484,607 server satan “Dell” şirkəti qərarlaşıb. Bu göstərici bir il əvvəlki nəticədən 14,1 faiz azdır. Satış həcmində ən yüksək artımı (69,573 ədəd) Çinin “Huawei” şirkəti, ən pis nəticəni 201,777 min server satan (bir il əvvəldən 28 faiz az) "IBM” göstərib, - "Digit
www.digit.ru” yazır.