2014-cü ildə maye-kristal televizorlar bazarı 5 faizlik artım nümayiş etdirəcək
“Digitimes Research” şirkətinin analitikləri 2014-cü il üçün dünya maye-kristal televizorlar (LCD) bazarı üzrə proqnoz dərc edib.
Bildirilir ki, maye-kristal televizor panellərinin tədarük həcmi 213 milyon ədədə çatacaq. Bu, satış həcminin 2013-cü illə müqayisədə 4,6 faiz artması deməkdir. Artımın əsas katalizatoru köhnə televizorları tədricən yeniləri ilə əvəzləyən inkişaf etməkdə olan ölkələr, eləcə də Braziliyada keçiriləcək Futbol üzrə Dünya Çempionatı olacaq.
Proqnozlara görə, 2014-cü ildə iri maye-kristal televizor tədarükçüsü 45 milyonluq tədarük həcmi ilə Koreyanın “Samsung” şirkəti olacaq. İkinci yeri 29,5 milyon ədədlik göstərici ilə "LG Electronics” şirkəti tutacaq.
Analitiklərin fikrincə, Yaponiyanın "Sony”, “Toshiba”, “Panasonic” və “Sharp” şirkətləri müvafiq olaraq 12,5, 9, 8 və 7,5 milyon “LCD” televizor satacaq.
“TCL” şirkəti 15 milyon satılan panellə Çinin aparıcı tədarükçüsü olacaq. Sonrakı yerlərdə Çinin digər istehsalçıları “Hisense” (12 milyon ədəd), “Skyworth” (9,5 milyon ədəd), “Konka” (6,8 milyon ədəd), “Changhong” (6,2 milyon ədəd) və “Haier” (6,2 milyon ədəd).
2014-cü ildə Cənubi Koreya, Çin və Yaponiya istehsalçıları ümumilikdə dünya maye-kristal televizorlar bazarında müvafiq olaraq 35,2, 26,3 və 17,4 faizlik paya sahib çıxacaq, - “3DNews
www.3dnews.ru” yazır.