Çin istehsalçıları dünya maye-kristal panellər bazarında mövqeyini möhkəmlədəcək
Çinin displey məhsul istehsalçıları dünya böyük ölçülü maye-kristal panellər bazarında mövqeyini möhkəmlədərək seqmentin liderləri "LG Display” və “Samsung Display” şirkətləri ilə fərqi sürətlə azaldacaq.
Belə ki, “DisplaySearch” şirkəti analitiklərinin məlumatına görə, Çinin “BOE Technology Group” kimi şirkətləri 2013-cü ilin yanvar-sentyabrında ümumi məbləği 5,46 milyard dollar təşkil edən 9,1 və daha böyük düym diaqonala malik panellər tədarük edib və 2012-ci ilin analoji dövrü ilə müqayisədə göstərici təxminən 20 faiz artıb.
Nəticədə Çin istehsalçılarının ümumi bazar payı 9,9 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl bu ölkənin istehsalçıları fərdi kompüter monitorlarında, noutbuk və televizorlarda istifadə olunan iriformatlı maye-kristal panellər bazarının 3 faizinə sahib olub.
“DisplaySearch” nümayəndələri mövqeyin möhkəmlənməsinə səbəb kimi Çinin televizor istehsalçıları tərəfindən yüksək tələbatın kömək etməsini qeyd edərək bu ölkənin nəhəng dünya televizorlar bazarı olmasını vurğulayıblar (2013-cü ilin üçüncü rübündə bazar payı 28 faiz).
Buna baxmayaraq Cənubi Koreyanın "LG Display” və “Samsung Display” istehsalçıları iriformatlı maye-kristal panellər bazarında liderlik mövqeyini qoruyur. Cari ilin ilk üç rübü ərzində bu şirkətlər 26,1 milyard dollar dəyərində məhsul tədarük ediblər.
Lakin Cənubi Koreya şirkətlərinin göstəriciləri azalmağa doğru gedir. Belə ki, bir il əvvəlki rəqəmlərlə müqayisədə satış həcmi 21,4 faiz, ümumi bazar payı isə 53 faizdən 47,4 faizədək azalıb, - “DailyComm
www.dailycomm.ru” yazır.