Rusiyada MNP-nin istismarının ilk həftəsində 5,7 min abunəçi operatorunu dəyişmək istəyini bildirib
Rusiyada MNP sisteminin istifadəyə verilməsinin ilk həftəsində 5721 abunəçi operatoru dəyişmək istəyini bildirib.
“ICTnews” xəbər xidmətinin “
www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, sistem Rusiyada dekabrın 1-dən etibarən istifadəyə verilib. Sistemin istismara verilməsindən iki gün öncə Dmitri Medvedev 2014-cü il aprelin 15-dək keçid dövrünün olacağı haqda hökumət sənədi imzalayıb. Bu o deməkdir ki, bu vaxtadək operatorlar digər operatorların şəbəkələrindən gələn abunəçilərə nə vaxtdan xidmət edəcəklərini özləri müəyyən edirlər.
“Sektorun əsas operatorları bu xidmətin göstərilməsinə dekabrın 1-dən artıq hazırdır, lakin bu tarixdən nömrənin keçirilməsi ilə bağlı şəbəkənin sazlanması işləri aparılacaq. Abunəçi şəbəkədən şəbəkəyə keçidi, heç olmasa, gələn ilin əvvəlinədək yubada bilərsə, daha yaxşı olar”,- deyə Rusiyanın rabitə nazirinin müavini Dmitri Alxazov bildirib.
Xidmətin qiymətini qəbul edən operator müəyyən edir, lakin bu qiymət 100 rubldan çox olmamalıdır. Aprelin 7-dən sonra şəbəkədən şəbəkəyə keçid fiziki şəxslər üçün 8 gün, hüquqi şəxslər üçün isə 29 gün təşkil edəcək.
Ekspertlərin fikrincə, ilk vaxtlar bu xidmətdən istifadə etmək istəyənlər daxil olan xarici zənglər, SMS və MMS-lərlə, həmçinin üçüncü şəxslər vasitəsilə ödənişlərlə problemlər yaşaya bilərlər.
Aynur Vəliyeva