Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Heydər Əliyev şəxsiyyəti və gələcəyə hesablanmış siyasi kurs
"Tariximizin hər səhifəsi, hər günü, hər ayı, ili bizim üçün əzizdir. Tariximizi, keçmişimizi qiymətləndirməliyik. Qədim keçmişimizi də, 20-ci əsrin əvvəlindən indiyə qədər olan keçmişimizi, o cümlədən 1920-ci ildən sonrakı keçmişimizi də qiymətləndirməliyik. Heç bir şeyi qaralamaq olmaz".
Bu gün bu sözlərin müəllifinin özü - müasir Azərbaycan tarixinə ömürlük həkk olunan, həyata keçirdiyi sonsuz xidmətləri və qoyduğu izinə görə "Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu - böyük azərbaycanlı" adını qazanan ümummilli lider Heydər Əliyev tariximizin fəxarət duyduğumuz və bundan sonra da fəxrlə xatırlayacağımız siyasi xadimi kimi yaddaşlardadır. Geriyə baxıb tariximizi bir daha qiymətləndirərkən bu əvəzsiz insanın ölkəsi üçün etdiyi fədakarlıqların, gələcək nəsillərə ləyaqətli örnək sayılan bu ulu irsin dəyərini bir daha dərindən anlayırsan.
Tarixi dönüş nöqtəsində ölkə rəhbərliyi kimi məsuliyyətli vəzifəni öhdəsinə götürərək, ölkəmizin siyasi sabitlik və tərəqqiyə qovuşması, xalqın rifahı və asayişi naminə səylərini əsirgəməyən görkəmli dövlət xadimimiz fitri istedadı, güclü və iti yaddaşı, elmi, zəngin və böyük dünyagörüşü, ictimai-siyasi fəaliyyəti ilə həmişə dünya liderlərinin ön sırasında dayanıb. Doğma torpağının varlığı ilə nəfəs alan, hər kəlməsi Azərbaycanla başlayan dahi lider xalqına, dilinə, millətinə sonsuz ehtiramını hər zaman bildirərək, 1978-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi zamanı Moskvanın təzyiqləri ilə üzləşən və bütün bunlara mətanətlə dözən mahir və uzaqgörən strateq kimi azərbaycançılıq ideologiyasını yeni zirvəyə qaldırmağa və onu dövlətin ana xətlərindən birinə çevirməyə müvəffəq olub. Eyni zamanda bir dövlət kimi dünyanın siyasi səhnəsində və beynəlxalq arenada Azərbaycanın müsbət imicinin formalaşmasında birbaşa xidmətləri olan bu dahi şəxsiyyət xalqına, millətinə, torpağına daim sadiq qalıb və ömrünün sonuna qədər xalqına şərəflə xidmət edib. Məhz Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıyan istiqamətləri uzaqgörənliklə müəyyən edən dahi liderin iradəsi, qətiyyəti, siyasi nüfuzu və göstərdiyi xidmətlərinin sayəsində 90-cı illərin ortalarından etibarən yeni dirçəliş mərhələsinə qədəm qoyan ölkəmiz özünün gələcək müqəddəratını təyin edərək taleyüklü məsələlərin həlli istiqamətində daha inamlı, güvənli addımlar atmağa başladı. Dövlət müstəqilliyimizin dayanıqlığına nail olmaq üçün səylərini ilk növbədə ölkə daxilində siyasi sabitliyin bərqərar olmasına yönəldən ulu öndər Azərbaycanın iqtisadi dirçəlişinə yol açan tarixi sənədlərə, böyük və davamlı inkişafı nəzərdə tutan mühüm, strateji layihələrin gerçəkləşməsinə öz imzasını atdı. Zaman-zaman bu imzanın nüfuzu Azərbaycanın illər sonrası hərtərəfli inkişafının bütün istiqamətlərində özünü göstərməkdədir. Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə tərəqqi və davamlı inkişaf bütün sahələrdə öz bəhrəsini verdi.
Ölkəmizdə dahi siyasətçinin eyni qayğı və diqqətindən hər bir sahənin mütəxəssisi qürurla danışa bilər. Çünki Heydər Əliyev öncə vətənpərvər, vətənini sevən bir insan, sonra isə dövlət xadimi idi. Bu gün ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsinin ardıcıl və sistemli inkişafının bünövrəsi də özünü xalqına və onun inkişafına həsr edən liderin apardığı tədbirli, bəsirətli, gələcəyi hər kəsdən daha aydın görən siyasətinin dəsti-xəttidir. Heydər Əliyevin uzaqgörənliyi İKT sahəsinin gələcək inkişafına verilmiş töhfə, onun inkişafını şərtləndirən başlıca amildir. Ümummilli lider digər sahələr kimi, telekommunikasiya və informasiya texnologiyaları sahəsinin də inkişafına dəstək və təkan verə biləcək məsələlərə kompleks yanaşır, o cümlədən strateji sahələr üzrə məhz azərbaycanlı kadrların yetişdirilməsinə böyük önəm verirdi. Bu sahənin sürətli inkişafının, ilk növbədə, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların formalaşdırılmasından asılı olduğunu yaxşı bilən Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ məkanında aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsinə başlanılmış, Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində elektronika, avtomatika və hesablama texnikası ixtisasları üzrə maddi-texniki bazalar yaradılmışdır. Bu arada qısa bir haşiyə çıxaraq yenə ulu öndərin xatirələrinə qayıtmaq istərdim. Moskvadakı mənzilindən köçərkən özü ilə əziz xatirə olaraq götürmək istədiyi əşyaları düşüncəsindən keçirən Heydər Əliyev ən qiymətli hədiyyə kimi məhz onun rəhbərliyi və birbaşa tapşırığı ilə Azərbaycandan kənarda təhsil almağa göndərilmiş tələbələrin siyahısını götürür. Bu addım ümummilli liderin təhsilə, elmə, tələbələrə, eyni zamanda ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq gənc nəslə verdiyi dəyərinin bariz nümunəsidir. Öndərin qoyduğu ənənə bu gün də layiqli şəkildə davam etdirilərək, gənc mütəxəssislərin xaricdə təhsillərinin artırılmasına şərait yaradılır, onlara dəstək verilir. İnformasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universiteti yaradılması ilə bağlı respublika prezidenti İlham Əliyevin 1 fevral 2013-cü il tarixli sərəncamı isə sahənin inkişafına daha bir layiqli töhfədir.
Qeyd etdiyim kimi, təhsil, elm, eləcə də elmi tədqiqat obyektləri, ölkənin rifahına xidmət edəcək strateji zavodların tikintisi, fəaliyyəti böyük strateqin ilk növbədə diqqət etdiyi əsas məsələlərdən idi. Bu münasibətin nəticəsidir ki, respublikada elektron avadanlıq istehsal edən zavodlar, Kosmik Tədqiqatlar Mərkəzi, "Neftqazavtomatika" və s. kimi elmi tədqiqat müəssisələri işə salınmış, ölkə iqtisadiyyatı üçün elmtutumlu mürəkkəb məsələlərin həlli məqsədilə ümummilli liderin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - "BESM-6" gətirilmiş və "Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri" - "RASU Azərbaycan" və müxtəlif kompüter şəbəkələri quraşdırılmışdır. "AZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, Elektron Hesablama Maşınları Zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat komplekslərinin tikilib istifadəyə verilməsi, eləcə də elmi tədqiqat işlərinin səmərəliliyini artırmaq və nəticələrini sınaqdan keçirmək üçün "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor bürolarının fəaliyyətə başlaması da ulu öndər Heydər Əliyevin bu sahəyə verdiyi töhfələrdir. Ümummilli liderin bir zaman bu sahədə müəyyən etdiyi tərəqqi, inkişaf xətti ölkəmizin gələcək iqtisadi inkişafının təmin edilməsi üçün seçilmiş prioritet istiqamət kimi İKT-yə "Azərbaycan-2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası"nda üstünlük verilməsi və gələcək illərdə iqtisadi inkişafın dayanıqlılığının bu sahənin genişləndirilməsi hesabına təmin edilməsi kimi mühüm vəzifənin ortaya qoyulması ilə nəticələnib. İKT-nin bu gün iqtisadi, sosial, siyasi, humanitar-mədəni və s. sahələrdə gedən proseslərə artan nüfuzunu hələ illər öncəsi daha dəqiq qiymətləndirən ulu öndər bu sahəni gələcək illərdə formalaşacaq yeni iqtisadi modelin əsası olaraq görür və dəyərləndirirdi. Teleqüllə televiziya kompleksində peyk rabitə sisteminin açılışında Heydər Əliyevin sözləri onun uzaqgörənliyinin daha bir təsdiqidir: "...Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini, insani əlaqələrini, bütün dünya ilə əlaqələrini və bütün Azərbaycan Respublikasının həyata keçirəcəyi siyasətin dünya miqyasında bildirilməsi üçün çox əhəmiyyətlidir". Eyni zamanda bu fikrin davamı kimi, Bakıda ilk beynəlxalq telefon stansiyasının açılışında qeyd etdiyi "Rabitə sahəsində görülən işlər həm iqtisadi xarakter daşıyır, həm də insanların işləməsi, çalışması üçün çox böyük şərtdir, eyni zamanda ictimai-siyasi xarakter daşıyır. Biz bunlara çox diqqət, fikir veririk" cümlələri də bu sahənin gələcək inkişafına göstərilən diqqət və qayğının təcəssümü və rabitə sahəsinin iqtisadiyyatda strateji mövqeyinə illər öncəsi verilən qiymətin sübutudur.
Ölkədə internetin inkişafı da ulu öndərin səyləri nəticəsində təşəkkül tapmışdır. Azərbaycanın yüksək domen adı –".az" domeni 1993-cü ildə rəsmi olaraq İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (İCANN) tərəfindən qeydiyyata alınmış, 1994-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində (indiki AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu) internetin ilk qovşağı yaradılaraq "Türksat" süni peyki vasitəsilə Türkiyənin Orta Doğu Texniki Universitetinin İnternet mərkəzinə birləşdirilmiş və beləliklə də Azərbaycan internetə çıxış əldə etmişdir. Ölkədə ilk veb-sayt "www.ab.az" 1995-ci ildə yaradılmışdır. Radio-televiziya sahəsinin möhkəm təməllər üzərində uğurlu inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ildə "AzTV 1" milli televiziya proqramı "Türksat" süni peyki vasitəsilə yayımlanmağa başlamış, əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən qoyulan teleqüllə isə 1996-cı ildə istifadəyə verilmişdir.
Teleqüllədən söz düşmüşkən, ulu öndər qüllənin inşasına başlanan gündən bu məsələni hətta ölkədən kənarda olsa belə izləyərək, qüllənin taleyi ilə bağlı narahatlığını gizlətməmişdi. Bu narahatlığını Heydər Əliyev yeni teleqüllə kompleksinin açılışında da dilə gətirib: "Mən bu qüllənin, nəhayət, başa çatmasından həddindən artıq məmnunam. Bilirsiniz ki, mən bir necə il Azərbaycandan çox uzaqlarda olduğum zaman və xüsusən o illər ki, mənim Azərbaycanla əlaqəm tamam qırılmışdı və Azərbaycana uzaqdan həsrətlə baxırdım, çox şey haqqında düşünürdüm. O cümlədən, bəzən ayrı-ayrı adamlar Bakıdan Moskvaya gələn zaman mən onlarla görüşərkən soruşurdum, filan nə yerdədir, filan nə yerdədir və xüsusən bu radio-televiziya qülləsinin tikintisi ilə maraqlanırdım. Çox narahat idim ki, bu yarımçıq qalıbdır. Amma bu gün çox xoşbəxtəm ki, artıq bunu başa çatdırmışıq".
Çünki öndər bu qüllənin ölkə üçün strateji əhəmiyyətini, zəruriliyini daha dərindən düşünən böyük şəxsiyyətlərdən idi və o, fikrini belə izah edirdi: "Dünyanın hər yerində, o cümlədən bizim Azərbaycanda da elə tikintilər, abidələr var ki, onlar bütün xalqa, bütün ölkəyə xidmət edirlər. Məhz bunlardan biri və ola bilər ki, ən əhəmiyyətlisi bu gün istifadəyə verilən Azərbaycanın ilk nəhəng radio-televiziya qülləsi, radio-televiziya ötürücüsüdür. Bunun mahiyyətini bəlkə də hamı olduğu kimi dərk edə bilər. Ancaq bunun mahiyyəti ondan ibarətdir ki, bu, bizim ölkəmiz üçün, xalqımız üçün çox lazımlı bir qurğudur. Eyni zamanda da hər bir adam, hər bir insan, hər bir vətəndaş üçündür, bütün xalqa xidmət edir".
Ümumiyyətlə, Azərbaycanın inkişaf tarixinin son 40 ilinə diqqətlə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən, elm və texnologiyaların inkişafını sürətləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı inkişafına yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini görərik və bütün bunlar xalqın nadir incilərindən sayılan Heydər Əliyev dühasının vətəni üçün sonsuz xidmətləri hesabına həyata keçirilib. Müstəqilliyin ilk illərində yaranan böyük çətinlikləri dəf edərək, təməli dahi şəxsiyyət tərəfindən qoyulan bu uğurlu iqtisadi, siyasi, sosial, mədəni inkişaf xətti bu gün də ölkə rəhbəri İlham Əliyev tərəfindən yorulmadan, böyük şövqlə, əzmlə, müvəffəqiyyətlə davam etdirilir. 2013-cü ilin məhz İKT-yə həsr edilməsi və bu sahənin inkişafı ilə bağlı verilən fərman və sərəncamlar respublika prezidentinin bu sahəyə dəstəyi, diqqət və qayğısının göstəricisidir. Kosmik elm və texnologiyaların ölkəmizə yol açmasında mühüm xidmətləri olan ümummilli liderin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bu gün Azərbaycan kosmik sənayenin inkişafına xüsusi diqqət ayıran əsas ölkələrdəndir. Təsadüfi deyil ki, müstəqillik tarixinin ən əlamətdar və tarixi hadisələrindən biri kimi diqqət çəkən 2013-cü ilin 8 fevralında ilk milli peykimizin orbitə çıxarılması məhz ölkə başçısının birbaşa rəhbərliyi ilə həllini tapıb. Bu sahənin gələcək inkişafına xüsusi önəm verilərək, müvafiq dövlət proqramlarında, o cümlədən "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nda iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması, Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi əsas istiqamətlər kimi nəzərdə tutulur.
Ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə artan nüfuzu hesabına bu gün həyata keçirilən və keçiriləcək bütün İKT layihələri Azərbaycan dövlətinin, Azərbaycan xalqının rifahına, daha da çiçəklənməsinə xidmət edir. Əminəm ki, digər sahələrdə də, o cümlədən, İKT sektorunda başlayan və davam etdirilən irimiqyaslı, əzəmətli layihələr prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da uğurla həyata keçirilərək, ölkəmizin ümumi inkişafında əhəmiyyətli rol oynayacaq.
Əli Abbasov,
Rabitə və informasiya texnologiyaları naziri,
YAP Siyasi Şurasının üzvü
12/12/13 Çap et