Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın səfirlik və konsulluqlarını birləşdirəcək müstəqil şəbəkənin yaradılması ilə bağlı danışıqlar aparılır
“Gilat Satellite Networks” şirkəti Azərbaycanın Xarici İşlər Nazirliyi ilə müstəqil şəbəkənin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparır.
Şirkətin Mərkəzi Asiya və Qafqaz üzrə nümayəndəliyinin baş direktoru Yevgeni Lupenkonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkət Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarını birləşdirəcək bir şəbəkənin yaradılmasını təklif edir.
“Biz peyk texnologiyaları ilə məşğul oluruq. Azərbaycan, bildiyimiz kimi, öz peykini orbitə buraxıb və bunu nəzərə alaraq biz bir neçə yerli dövlət strukturları ilə bu peykin resurslarından səmərəli istifadə edilməsinin təşkil edilməsi məqsədi ilə danışıqlar aparırıq.
Azərbaycanın Xarici İşlər Nazirliyi ilə apardığımız danışıqlar ölkənin bütün səfirliklərinin peyk rabitəsi vasitəsilə “Azerspace” resurslarından istifadə edərək birləşməsini təmin edəcək şəbəkənin yaradılması ilə bağlıdır. Bu layihəni biz 1-2 ay ərzində həyata keçirməyə hazırıq, bu müddət ərzində biz bu şəbəkənin işini təmin edə biləcək 2 minədək stansiya quraşdıra bilərik. Bu şəbəkə heç bir yerüstü telefon qovşaqlarından və ya fiber-optik xətlərdən asılı olmayacaq. Şəbəkə üzərindən səfirliklər arasında məlumat mübadiləsi, telefon danışıqları və s. təşkil ediləcək”, - deyə o bildirib.
Aynur Vəliyeva
10/12/13 Çap et