Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Viber” xidmətindən mobil və şəhər nömrələrinə zəng etmək mümkün olub


“Viber” xidməti “Viber Out” xidmətini istifadəyə verib. İstifadəçilər bu xidməti qoşmaqla “Viber” üzərindən müxtəlif ölkələrin mobil və stasionar telefonlarına zəng etmək imkanına malikdirlər.
Qiymət istifadəçinin zəng etdiyi ölkədən asılıdır. Məsələn, ABŞ, Kanada və bir sıra Avropa ölkələrinin stasionar nömrələrinə zəngin qiyməti bir dəqiqə üçün 1,9 sent təşkil edəcək.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Viber” xidmətində Özbəkistanla bir dəqiqəlik danışıq qiyməti 10,9 sent, Tacikistanla isə 19,2 sent təşkil edir.

Müqayisə üçün, “Skype” internet telefoniya xidmətində ABŞ-la danışıq  dəqiqəsi 2,3 sent, Rusiya ilə (Moskva və Sankt-Peterburq istisna olmaqla) 5,2-dən (stasionar nömrələr) 8,9 sentə (mobil nömrələr) kimi təşkil edir. Bundan başqa, qoşulma üçün ödəniş alınır.

“Viber” xidmətinin “Android” və “iOS” tətbiqlərindən, həmçinin masaüstü kompüterlər üçün klientdən zəng etmək mümkündür. İstehsalçılar gələcəkdə zəng funksiyasını “Windows Phone” platforması ilə işləyən smartfonlara da əlavə etməyi planlaşdırırlar.

“Viber” xidməti 2010-cu ildən fəaliyyət göstərir və onun auditoriyası 200 milyon istifadəçidən ibarətdir. Zənglərdən başqa, məlumat, fotoşəkil və videoçarx mübadiləsi həyata keçirmək mümkündür.

Emil Hüseynov
 




11/12/13    Çap et