Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sumqayıt Texnologiyalar Parkında ixracyönümlü məhsullar istehsal edən yeni zavodlar yaradılacaq
Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və Şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olublar.
İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, qonaqlara Sumqayıt Texnologiyalar Parkında həyata keçirilən layihələr haqqında məlumat verilib.
Qeyd olunub ki, ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qısa müddətdə 250 hektarlıq ərazidə bütün Cənubi Qafqazda analoqu olmayan müasir texnopark yaradılıb. Burada 17 zavod artıq uğurla fəaliyyət göstərir.
Həmçinin gələcəkdə burada ixracyönümlü məhsullar istehsal edən yeni zavodlar yaradılacaq.
Nümayəndə heyəti daha sonra STP-də zavodları gəzərək onların işi ilə yaxından tanış olub, istehsal prosesini maraqla izləyiblər. Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olub.
Həqiqət İSABALAYEVA
12/12/13 Çap et