Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompüterlər "Dell” və “HP”-nin biznesinin vacib hissəsi olaraq qalır


Dünyanın nəhəng fərdi kompüter istehsalçıları "Dell” və “HP” fərdi kompüterlərin satış həcminin azalmasından daha çox ziyan çəksələr də, hər iki şirkətin rəhbəri gələcəkdə bu məhsulun onların biznesində əsas rol oynamaqda davam edəcəyini bildirib.

Belə ki, “Dell” şirkətinin yaradıcısı Maykl Dell “Dell World 2013” tədbirində qeyd edib ki, tədarük həcminin azalmasına baxmayaraq hər il dünyada yarım milyardadək fərdi kompüter satılır.   

“Fərdi kompüterlər əvvəlki kimi istifadəçilər üçün əhəmiyyət kəsb edir və “Dell”in strategiyasının əsasını təşkil edir”, - deyə o vurğulayıb.   

“HP” rəhbəri Meq Uitman Barselonada keçirilən “HP Discover 2013” konfransında çıxışı zamanı şirkətinin kommersiya və istehlak məhsullarının inkişafına vəsaitlər yatırmaqda davam edəcəyini bəyan edərək qeyd edib ki, bazarda baş verən dəyişikliklərə baxmayaraq "Hewlett-Packard” öz rəqabət qabiliyyətini saxlayacağına ümid edir.
“HP”, “Dell” və fərdi kompüter sahəsinin digər nəhəng istehsalçıları, o cümlədən prosessor istehsalçısı “Intel” “ikisi birində” hibrid qurğular (həm noutbuk, həm də planşet kimi istifadə etmək mümkündür) kimi yeni form-faktorlar sayəsində satış həcminin azalması ilə mübarizə aparmaq iqtidarında olacaqlarını güman edirlər.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda “IDC” analitik şirkətinin mütəxəssisləri fərdi kompüterlər bazarı üzrə bədbin proqnoz verərək bildiriblər ki, 2013-cü ildə fərdi kompüterlərin tədarük həcmi 10,1 faiz azalacaq, halbuki əvvəllər illik azalmanın 9,7 faiz səviyyəsində olacağı proqnozlaşdırılırdı, - “DailyComm www.dailycomm.ru” yazır.   







13/12/13    Çap et